Ayətullah İsa Qasim İmam Rza(ə) hərəmi kompleksinə qarşı sanksiyanı sərt tənqid etdi
Bəhreyn İslam Hərəkatının lideri Ayətullah İsa Qasim, dünən (red- 1 fevral) etdiyi bir açıqlamada ABŞ-ın İmam Rza(ə) hərəmi kompleksinə qarşı sanksiyasını sərt tənqid edib.
“Afaq” xəbər saytının yazdığına görə, Ayətullah İsa Qasim ABŞ-ın keçmiş prezidenti Donald Trampı axmaq və cahil adlandıraraq belə deyib: “Tramp haqqa, ədalətə, sülhə, hətta öz xalqına və yer üzündəki ilahi nemətlərə qarşı bacardığı qədər zülm edərək, vəhşilik, cahillik və kin küdurət göstərdi və insanların vəhdətini məhv etmək üçün öz səylərini əsirgəmədi”.
O, bildirib ki, İmam Rza(ə) hərəmi nə hərbi birləşmə, nə də bir siyasi partiyadır ki, ona qarşı sanksiya təyin olunsun: “Bu kompleksin büdcəsi isə yalnız ilahi dəyərləri uca tutmaq və ehtiyaclı insanlara yardım göstərmək üçün möminlərin maliyyə dəstəyi ilə yığılan vəsaitdən ibarətdir”.
Ayətullah İsa Qasim sözünə davam edərək qeyd edib: “Bu dəhşətli cinayətin zaman baxımından Trampın adına yazılması doğrudur, amma bu qanun qüvvədə olduğu müddətdə əslində bütün ABŞ siyasi rejiminin cinayəti hesab olunacaqdır.”
Xatırladaq ki, bundan öncə Bəhreyn din alimləri icması öz bəyanatında ABŞ-ın İmam Rza (ə) hərəmi kompleksinə qarşı sanksiya tətbiq etməsini sərt şəkildə pisləyərək bunu provakasiya xarakterli və görünməmiş bir addım hesab edib.