Ayətullah Xameneinin dörd nümayəndəsi Qarabağ barədə müştərək bəyanat verdi: Qarabağı geri qaytarmaq Azərbaycan dövlətinin şəri və qanuni haqqıdır!
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İran İslam Respublikasının Şərqi, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətindəki Vəliyyi-fəqihin dörd nümayəndəsi Qarabağ münaqişəsi barədə müştərək bəyanat verib.
Bəyanatda deyilir:
Qarabağın Azərbaycan ərazisi olması, onun ermənilər tərəfindən işğal edilməsi və bu torpaqların Azərbaycana – Əhli-beyt (ə) ölkəsinə geri qaytarılmasının zəruriliyi haqda heç bir şəkk-şübhə yoxdur.
Azərbaycan dövləti torpaqların geri alınmasında şəri və qanuni olaraq addım atmış və BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən əməl etmişdir.
Biz Quran əyələri, məsumların sünnəsi və İslam İnqilabının fəlsəfəsinin tələbinə əsasən, məzlumun himayəsi və müdafiəsini özümüzə vəzifə hesab edirik.
Azərbaycan xalqı hamıdan daha yaxşı bilir ki, İran İslam Respublikası Qarabağ işğalının bütün dövrlərində Azərbaycan Respublikasına ən çox yardımı göstərmiş və bütün Beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası ərazisinin bütövlüyünü müdafiə etmiş və Xarici İşlər Naziri də sonuncu çıxışında, bir daha bu məsələyə təkid etmişdir.
Təəssüflər olsun ki, düşmənlər son zamanlarda iki dost dövlət arasında qeyri-məntiqli bəhanələrlə təxribat apararaq İran İslam Respublikasını Azərbaycana xəyanətdə ittiham edir.
Bu məsələ bizim düşmənin apardığı psixoloji müharibəsinə qarşı həssas olmağımızı və onların məfur məqsədlərinin alətinə çevrilməməyimizi tələb edir.
Biz Azərbaycan xalqının son qələbələri münasibətilə sevinir və böyük Azərbaycan xalqının şəhidlərinə Allahdan uca məqam diləyir və haqq sahibinin tez bir zamanda öz haqqını alması və bu münaqişənin daha çox qan tökülmədən tez bir zamanda həll olunmasını arzu edirik.