Ayətullah Xameneinin nümayəndəsi Bərdə sakinlərinin şəhadətilə bağlı başsağlığı verib

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Ayətullah Amili Ermənistan işğalçılarının Azərbaycanın Bərdə şəhərinə hücumu nəticəsində bu şəhərin dinc sakinlərindən 21 nəfərin şəhid olması ilə bağlı başsağlığı verib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, Ayətullah Amili bu bəyanatda Ermənistanın hücumunu pisləyib.
Bəyanatda deyilir:
“Bismillahir-Rəhmanir-Rəhim
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا یَعْمَلُ الظَّالِمُونَ
(Ya Rəsulum!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma!
Çox təəssüf və kədərlə xəbərdar olduq ki, bu gün günortadan sonra Qarabağı işğal edənlər son çarəsiz səylərində Bərdə şəhərinin günahsız əhalisini raket atəşinə tutublar, 21 nəfər şəhid olub və 70 nəfərdən çox insan yaralanıb. Şəhidlərin tikə-tikə olmuş cənazələrinin görüntüləri hər bir vicdanlı insanın qəlbini yandırır.
Bugün Tramp Amerika ermənilərinin səsini itirməmək üçün Qarabağı işğal edənlərlə əl-ələ vermişdir. Əziz şəhidlərin qanı Amerika başçılarının mənfur əlindən axır və çox-çox təəssüflüdür ki, beynəlxalq təşkilatlar insanları pula satırlar, müsəlmanların qanı və canına heç bir dəyər vermirlər.
Öz insani, dini və inqilabçı vəzifəmizə uyğun olaraq bu cinayəti pisləyirik və Azərbaycanın böyük xalqına, xüsusilə də bu amansız qətldə yaxınlarını itirən ailələrə başsağlığı veririk. Əminəm ki, Azərbaycanın müsəlman gəncləri Allahu Əkbər və La ilahə illəllah şüarları ilə bu əzizlərin intiqamını alacaqlar.”