Azərbaycan Kulevi terminalına 500 mln. dollardan çox sərmayə yatırıb
Azərbaycan Gürcüstanın Kulevi terminalında müəyyən pay aldıqdan sonra buradakı əməliyyatların həyata keçirilməsinə ümumilikdə 500 mln. ABŞ dollarından çox sərmayə yatırıb.
SalamNews xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda çıxış edə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycan yeni sərmayə qoyuluşların həyata keçirilməsində maraqlıdır.
“Həmçinin, Azərbaycan şirkətlərinin Gürcüstanın ən böyük vergi ödəyici olmasından qürur duyuruq. Ölkəmizin biznes nümayəndələrinin Gürcüstanda fəaliyyəti iqtisadi əlaqələrimizi daha da sıxlaşdırır”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, Kulevi terminalı neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulub. Dəmiryolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlanılıb.
Yüklərin boşaldılması 4 xətli körpülərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya yanacağı, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.
Oxu.az