Azərbaycan Suriyada katalizator rolunu oynaya biləcəkmi?

Azərbaycan Suriyada katalizator rolunu oynaya biləcəkmi?

Suriyanın keçid hökuməti ölkənin şimal-şərqində neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan prezidentindən kömək istəyib.

Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdə Suriyanın keçid prezidenti Məhəmməd Əl-Colani ölkəsinin neft-qaz sektoruna investisiya yatırmaq imkanlarını müzakirə edib.

Londonda çıxan Middle East Eye nəşri görüşün təfərrüatları ilə tanış olan mənbələrə istinadən xəbər verir ki, Suriya və Azərbaycan liderləri ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Suriya hökuməti ölkənin şimal-şərqində ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) və ya YPG silahlı koalisiyasının nəzarətində olan neft və qaz yataqlarının işlənməsinə Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ı cəlb etməkdə maraqlıdır.

Nəşr qeyd edir ki, Suriyada Azərbaycanın ən yaxın müttəfiqləri – Türkiyə və İsrail arasında ciddi qarşıdurma davam edir. İsrail Türkiyənin Suriyada bərpa etmək istədiyi hava bazalarına zərbələr endirib. Bunun ardınca tərəflər arasında birbaşa toqquşmaların qarşısını almaq üçün Bakıda İsrail və Türkiyə arasında görüş keçirilib.

Mart ayında Dəməşqdə “Suriya Demokratik Qüvvələri”nin lideri Məzlum Əbdi ilə Məhəmməd Colani arasında kürd qüvvələrinin Suriya milli ordusuna qoşulmasına icazə verən saziş imzalanıb. Müqavilə həmçinin kürdlərin nəzarətində olan neft və qaz yataqlarının mərkəzi hökumətin nəzarətinə verilməsini nəzərdə tutur. Lakin hazırda hökumət qüvvələri bu əraziləri hələ hələ nəzarətlərinə götürməyiblər.

Bu arada bir Türkiyə rəsmisi qeyd edib ki, Azərbaycan və Suriya arasında daha sıx əməkdaşlıq əlaqələrinin inkişafı Dəməşqə İsrail rəsmilərinin “terrorçu” adlandırdığı yeni müvəqqəti hökumətlə bağlı İsrailin narahatlığını azaltmağa kömək edə bilər.

Məlumata görə, bununla bağlı işlər SOCAR-a həvalə edilə bilər.

Azərbaycan mətbuatı yazır ki, Suriya hökuməti belə bir addım atmaqla tarazlaşdırılmış siyasət həyata keçirməyə çalışır. Onlar düşünürlər ki, İsrailin ən yaxın müttəfiqinin ölkədə mövcudluğu İsraili bir qədər sakitləşdirə bilər.

İlkin təhlillərə görə Azərbaycan Dövlət Neft Şirkətinin kürdlər yaşayan bölgədə fəaliyyətə başlaması YPG-yə Türkiyə hökumətinin təhdidləri qarşısında bir növ nəfəslik verəcək və bu, birbaşa onların dəstəkçisi olan İsrail rejiminin maraqlarına cavab verir.

Beləliklə də rəsmi Bakı dilemma qarşısında qala bilər: İsrailin maraqlarını üstün tutaraq, Türkiyənin terror təşkilatı adlandırdığı YPG/PYD-nin möhkəmlənməsinə şərait yaradıb onun maliyyə təminatına kömək etmək və ya Türkiyəni nəzərə alaraq dəvəti rədd etmək. İkinci variant çox güman ki, sionist rejimi incik salacaqdır.

Hər bir halda enerji layihəsində iştirak etmək Bakı üçün riskli məsələdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 18 =