Azərbaycanda 64 min hektara yaxın sahədə çiyid səpini həyata keçirilib
Bu günə qədər Azərbaycanda pambıq əkini ilə bağlı 63 684 hektar sahədə çiyid səpini həyata keçirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Artıq sahələrin 4 157 hektarında çıxış alınıb. Çiyid səpininin optimal müddətdə başa çatacağı gözlənilir.
17 rayonda 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır. Ölkədə pambıqçılığa geniş dövlət dəstəyi mövcuddur. Pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiya ödənilir. Subsidiya almaq istəyən fermerlər öz əkinlərini digər yazlıq əkinlər kimi mayın 31-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan etməlidir.
Subsidiyalar pambıqçıların “Fermer kartı”na köçürülür. “Fermer kartı”nın nağdsız hesabında olan məbləğ yalnız elektron qaydada gübrə, toxum, pestisid almaq üçün istifadə edilə bilər.
Ötən il Azərbaycanda sahələrdən 336,5 min ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Pambıq üzrə orta məhsuldarlıq 2019-cu ildə 29,5 sentner, 2020-ci ildə 33,6 sentner təşkil edib. Bu, Azərbaycan pambıqçılıq tarixində qeydə alınmış ən yüksək orta məhsuldarlıq göstəricisilərindən biridir.