Azərbaycanda bir ayda 70-dən çox İNTİHAR: Səkkizi məktəblidir…

Azərbaycanda bir ayda 70-dən çox İNTİHAR: Səkkizi məktəblidir…

May ayı intiharların sayına görə Azərbaycan üçün rekord ola bilər.

Lent.az mediada gedən xəbərlərə istinadla bildirir ki, ötən ay Azərbaycanda 73 intihar qeydə alınıb.

Bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də həyatına müxtəlif səbəblərdən qəsd edənlərin əksəriyyəti kişilərdir. May ayında Bakıda və ölkənin müxtəlif bölgələrində 49 kişi özünü öldürüb. Qeyd edək ki, onların arasında həm hərbçilər, həm də İkinci Qarabağ Müharibəsinin iştirakçıları olan qazilər də var.
May ayında özlərini asmaqla, binaların müxtəlif mərtəbələrindən atmaqla, sirkə turşusu içmək və asmaqla intihar edən qadınların sayı 16 nəfər olub.

Azərbaycanda bir ayda baş verən məktəbli intiharlarına gəldikdə, onların sayı 8 olub.

Qeyd edək ki, müxtəlif yaşlarda həyatlarına son qoyan məktəblilərin 5-i qız, 3-ü oğlandır.

Hadisələrin 3-ü Bakıda qeydə alınıb. Bir məktəbli oğlan Şirvan şəhərində intihar edib. Qalan hadisələr Şəki, Şəmkir və Tovuz rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının Şərur raynunda baş verib.

Lent.az may ayında özlərini öldürən həmin məktəbliləri təqdim edir:

1. Bakının Xətai rayonu, Q.Məmmədov küçəsində 17 yaşlı Xumar Babayeva özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb. Onu binanın qarşısında dayanan 38 yaşlı Zahid Niyazov xilas etməy çalışsa da, yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb. N.Zahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisədən bir gün əvvəl Xumarın doğum günü olub.
 
2. Nərimanov rayonunda da Ayla adlı 17 yaşlı qız özünü öldürüb. Hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

Yeniyetmə qız özünü yaşadığı binanın 13-cü mərtəbəsindən atıb. O, hadisə yerində dünyasını dəyişib. Onun 11-ci sinif şagirdi olduğu bildirilib.

3. Şirvan şəhərində yeniyetmə özünü asıb. İntihar hadisəsi Şirvan şəhəri, 1 may küçəsində qeydə alınıb.

17 yaşlı Elvin Azər oğlu Məmmədli özünü yaşadığı evdə asaraq intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.

4. Daha bir məktəbli intiharı Tovuz rayonunda qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov yaşadığı evdə həyatına son qoyub.

Məlumata görə,  E.Aslanov Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıbmış. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir.

5. Şəmkirdə isə imtahanda aza bal toplayan məktəbli həyatına qəsd edib. Rayonun Seyfəli kənd sakini, 15 yaşlı Leyla Məmmədli yaşadığı evdə özünü asıb.
Məlumata görə, 15 yaşlı qız imtahanda az bal topladığı üçün valideynləri onu danlayıb.

6. Bakıda intihar edən üçüncü məktəbli oğlan olub. Hadisə Suraxanı rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 13 yaşlı T.Mirzəyev özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub.
Orta məktəbin 7-ci sinif şagirdi olan oğlanın hansı səbəbdən intihar etdiyi açıqlanmayıb.

7. Şəkidə intihar edən məktəbli qız olub. Hadisə mayın 24-də rayonun Kiçik Dəhnə kəndində baş verib. Kənd sakini 15 yaşlı Nuray Məzahir qızı Süleymanova yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq, həyatına son qoyub. 9-cu sinif şagirdinin intihar etməsinin səbəbi məlum deyil.

8. Naxçıvanda intihar hadisəsi Şərur rayonu, Ələkli kəndində qeydə alınıb. Kənd sakini Röya Əsədova yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

O, kənd məktəbinin 9-cu sinfində təhsil alırmış. İntiharın hansı səbəbdən baş verməsi bilinmir.

Qeyd edək ki, may ayında rəsmi mənbələr 24 intihara cəhd faktını açıqlayıb.  

Onlardan biri də məktəbli olub. 

Ağdaş rayonunda 17 yaşlı qız intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Qızın intihar etmək üçün dərman qəbul etdiyi bildirilir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 8 =