Azərbaycanın üç cüdoçusu Avropa çempionatına qələbə ilə başlayıb

Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayıb.
“Report”un məlumatına görə, 90 kq çəki dərəcəsində 1/16 final mərhələsində Vüqar Talıbov latviyalı Maksim Duynov ilə üz-üzə gəlib. O, rəqibinə ipponla qalib gələrək, növbəti mərhələdə israilli İnbay Qabaya rəqib olub.
Eyni çəkidəki İsmayıl Zamanov slovakiyalı Aleks Maruşkanı üstələməyi bacarıb. 1/8 finalda rəqib finlandiyalı Artur Kanevets olacaq.
100 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Nəsirli 1/8 finalda avstriyalı Hubert İllmeri yenib. O, növbəti mərhələdə niderlandlı Silvan Bultuislə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki Kənan Nəsibov eyni raundda moldovalı Alin Baqrinə uduzaraq, mübarizəni dayandırıb.
Eyni aqibətlə qızların yarışında 78 kq-da yer alan Nərmin Əmirli də üzləşib. Əmirli 1/8 finalda israilli Yuli Alma Mişinerə yenilib.
Qeyd edək ki, daha əvvəl Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medal qazanıb.
Oxu.az