Azərbaycanlı alim: “Yaydan sonra pandemiya ilə mübarizənin yeni mərhələsi başlayacaq”

Azərbaycanlı alim: “Yaydan sonra pandemiya ilə mübarizənin yeni mərhələsi başlayacaq”

“Hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusa yoluxma və ölüm hallarında artım müşahidə olunur. Bu da ən əsas insanların ehtiyatsızlığından və tətbiq edilən qaydalara bəzən riayət olunmamasından irəli gəlir. Təbii ki, hər kəs tələb olunanlara və virusa qarşı qızıl qaydalara əməl etsə, bu gün müşahidə etdiyimiz artım olmaya da bilərdi. Bununla yanaşı, ölkəmizdə vaksinasiya uğurla davam etdirilir və insanlarımız da prosesdə aktiv iştirak etməlidirlər”.

Bunu açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, hazırda əsas tələb peyvəndləmənin sürətlə aparılması və orada iştirak edən insanların da sayının artmasıdır: “Normal həyata tez qayıtmaq istəyən insanlar bilməlidir ki, əgər peyvəndləmə ilə paralel yoluxma sayı da artarsa, əsl təhlükə buradan başlayacaq. Bu zaman virusun yeni mutasiyasının əmələ gəlməsi gözləniləndir. Bu da peyvəndin təsirini azalda bilər. Ona görə də bütün bunlar peyvəndləmədə aktiv iştirakı və canlı ünsiyyətlərin sayının minimuma endirilməsini daha da zəruri edir. Məhz buna görə də insanlar canlı ünsiyyətlərin sayını azaltmalı, insanların çox olduğu yerlərə getməməli və ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmamalıdırlar”.

“Hər kəs başa düşməlidir ki, yalnız qaydalara riayət etməklə və peyvəndləmə nəticəsində normal həyata qayıtma prosesi tezləşə bilər. Bunun bariz nümunəsi kimi İsraili göstərə bilərik. Bu gün elmi tədqiqatlar göstərir ki, İsraildə peyvəndləmə nəticəsində virusa yoluxmalar 98 % azalıb. Bundan əlavə, peyvəndləmə İsraildə ağır kliniki gedişləri 93 %, ölüm hallarını isə 87 % azaldıb. 16 yaşdan yuxarı insanların 85 %-i peyvəndlənib və ya yoluxaraq artıq immunitet qazanıb. Bütün bu elmi əsaslı rəqəmlər bizə onu göstərir ki, yay fəslində normal həyat şəraitinin olmasını arzulayan insanlar indidən vaksinasiya prosesində aktiv iştirak etməlidirlər. Yay fəslindən sonra isə peyvəndləmənin fərqli və ya təkrari tətbiqi ilə bütün dünya pandemiya ilə mübarizənin yeni mərhələsinə başlayacaq”- azərbaycanlı alim əlavə edib.

Qeyd edək ki, son günlər Azərbaycanda COVID-19-a yoluxma və ölüm hallarında artım qeydə alınır. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı statistikaya əsasən, indiyədək ölkədə 303 858 nəfər virusa yoluxub, 4 203 nəfər ölüb. Onlardan 267 485 nəfər sağalıb. Hazırda 32 170 aktiv COVID-19 xəstəsi var.

Yanvarın 18-dən indiyə qədər Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə peyvənd olunanların sayı 899 212, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə 452 997 nəfər təşkil edir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =