“Azərikimya” İB-də növbəti qanvermə aksiyası keçirilib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinində “20 Sentyabr Neftçilər Günü” Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilib.
Qanvermə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqadası tərəfindən aparılıb.
“COVID-19” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan verib.
Xatırladaq ki, SOCAR-ın çoxminli kollektivi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışı ilə “Talassemiyasız həyat naminə” talasemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulub. Bu günə qədər 36 445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədi ilə qanvermə aksiyasında iştirak edib. 2020-2021-ci ildə SOCAR əməkdaşlarından 2 272 nəfəri qanvermə aksiyasında iştirak edib.
Trend