BAEA Rəhbərlər Şurasına 11 yeni üzv daxil olub

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) 2023-2024-cü illər üçün təşkilatın Rəhbərlər Şurasına 11 yeni üzvün seçildiyini açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, artıq agentliyin rəhbər orqanlarından birinin işində Əlcəzair, Ermənistan, Banqladeş, Burkina Faso, Ekvador, İndoneziya, Cənubi Koreya, Niderland, Paraqvay, İspaniya və Ukrayna da iştirak edəcək.
Şura BAEA-nın maliyyə hesabatlarını, proqram və büdcəsini nəzərdən keçirir, bununla bağlı Baş Konfransa tövsiyələr verir. O, agentliyə üzvlük üçün müraciətləri nəzərdən keçirir, təminat müqavilələrini təsdiq edir və BAEA-nın təhlükəsizlik normalarını dərc edir. Şura həmçinin Baş Konfrans tərəfindən təsdiqlənən BAEA Baş direktorunu təyin edir.
Şuranın növbəti iclası oktyabrda keçiriləcək. Onun işində daim 35 dövlət iştirak edir.
Report.az