Bakı Qarabağda buna hazırlaşır – Eks-nazir DETALLARI AÇDI

Bakı Qarabağda buna hazırlaşır – Eks-nazir DETALLARI AÇDI

Bəs, hadisələrin axarı hansı səmtə yönəlib? Azərbaycan yaranmış situasiyadan öz maraqları baxımından tam şəkildə istifadə edə biləcəkmi? İrəvanda yeni prezidentin andiçməsindən sonra Ermənistan Azərbaycanla sülh masasına oturacaqmı? İranla Azərbaycan arasındakı müqavilə ilə Ermənistan “son nəfəskeşlik” şanslarını itirdimi? 

Suallarımızı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova ünvanladıq. 

Politoloq Publika.az-a müsahibəsində söylədi ki, sülh müqaviləsi imzalanandan sonra da Ermənistanın işğalçı siyasətinin tam iflasa uğraması üçün mübarizəmizi davam etdirəcəyik.

– Tofiq müəllim, Azərbaycanla İran arasında yeni marşrut dəhlizi yaradıldı. Bir çoxları düşünür ki, Ermənistan bu dəhlizin yaradılması ilə müharibədən sonra ona nəfəslik kimi lazım olan şansını itirdi. Bəziləri isə düşünür ki, bu müqavilə “3+3” formatına Tehranı təşviq etmək üçündür. Sizcə, Tehranla Bakı arasında imzalanan bu müqavilədən İran qazandı, yoxsa Ermənistan itirdi?

– Bilirsiniz, mən hesab edirəm ki, bu, bir-birini inkar etməyən layihələrdir. Daha doğrusu, bu layihələr bir-birini tamamlayır. Söhbət həm Cənubi Zəngəzur dəhlizindən, həm də şimal dəhlizindən gedir. Amma siyasi baxımdan vəziyyət bir qədər fərqlidir. Ermənistan həmişə bu mövzunu – Zəngəzur dəhlizinin, kommunikasiyaların açılmasını siyasi alver məqsədləri üçün istifadə etməyə çalışırdı. Bəlli idi ki, Zəngəzurdan keçən dəmir yolunun bərpası ilk növbədə İrəvanın özünə lazımdır. Çünki Ermənistanın Zəngəzur dəhlizindən siyasi alver məqsədi ilə istifadə etmək şansı yoxdur. Onlar artıq bu imkanlardan məhrum olublar. Hesab edirəm ki, həm İran, həm də Ermənistan ərazisindən keçən dəhlizlər bir-birini tamamlayacaq. Ona görə bu fikirdəyəm ki, landşaft və digər coğrafi amillər baxımından oradan avtomobil yolu çəkmək olduqca ağırdır. Bu, böyük maliyyə tələb edən işdir. Ona görə də ağır layihə hesab olunur. Demək olar ki, müasir standartlara uyğun olaraq dağların içindən keçən tunellər vasitəsilə bu yol çəkilməli idi. Amma Arazın sol tərəfində bu yolun çəkilişi üçün imkanlar mövcuddur. Bunun üçün mövcud yol da var. Sadəcə olaraq məlum körpülərin tikintisiylə avtomobil yolu ilə əlaqənin yaradılması daha rahat olacaq. 

– Bu gedişlə Zəngəzur dəhlizinin aqibəti necə olacaq? 

– Biz başa düşməliyik ki, “dəmir yollarının eni” məsələsi var, yəni sovetlər dönəmindən, rus imperiyası dövrünün dəmir yolları standartları hələ də qalır. Amma bu standartlar İranda fərqlidir. Ona görə də 42 kilometrlik dəhliz hissəsində dəmir yolu üçün 2 yerdən qoşma olmalıdır. Təkərlər dəyişdirilməlidir və bu kimi nüanslar nəzərə alınmalıdır. Bu cür prosedurlar var. Əvvəllər bu kimi məsələlər üçün məxsusi qurğular var idi. Bu baxımdan dəmir yolu çox güman ki, şimaldan – Zəngəzur dəhlizindən keçsin. Amma avtomobil yolunun İran ərazisindən keçidi daha rahatdır. Eyni zamanda, Ermənistanın siyasi alver predmetləri üçün əsaslar qalmayacaq. İrəvan da məhz bunları nəzərə alaraq qısa bir müddətdə Zəngəzur dəhlizindən keçən dəmir yolunu bərpa edəcək. 

– İran əvvəllər dəhlizlə bağlı müəyyən məsələlərdə narazılıq edirdi. Azərbaycan İranı bu sistemə qoşmaqla Tehranın “3+3” formatında yerini möhkəmləndirə biləcəkmi

– Əksinə, mən zənn edirəm ki, İran üçün bu layihə elə əvvəlcədən çox faydalı idi. Ələlxüsus ona görə ki, Tehranın əsas məqsədi Şimal-Cənub Dəhlizinin işlək vəziyyətə gətirilməsidir. Yadımdadır, müharibədən hələ bir neçə il əvvəl bu istiqamətdə bir neçə görüş keçirilmişdi. Hətta hər üç ölkənin – Azərbaycan, İran və Rusiya prezidentlərinin də görüşləri olmuşdu. Bu baxımdan dəmir yolunun qoşulması prosesi Astara-Rəşt dəmir yolu xətti ilə reallaşmalı idi. Amma indi bəllidir ki, Culfa dəmir yolu xəttindəki qoşmadan istifadə etmək mümkündür. Təbii ki, İranın da bu kimi məsələlərdə öz marağı var. Tehranın tranzit imkanları, eyni zamanda kommunikasiya baxımından bu, çox vacib bir layihədir. İran gələcəkdə də bu layihəni dəstəkləyəcək. 

– Bu arada, Ermənistanın yeni prezidenti Vaaqn Xaçaturyan ötən gün and içdi və öz səlahiyyətlərinin icrasına başladı. Artıq Paşinyanın siyasətinə təhlükə yaratmayacaq bir fiqur Ermənistanda prezident səlahiyyətlərini icra edəcək. Bu, Ermənistanla Azərbaycan arasındakı böyük sülh müqaviləsi prosesini sürətləndirəcəkmi? 

– Elə təəssürat yaranmamalıdır ki, biz Ermənistanla sülh sazişinə imza atandan sonra hər şey yoluna düşəcək. Yəni, bütün məsələlərin öz həllini tapacağını gözləmək də sadəlövhlük olar. Biz başa düşməliyik ki, Ermənistanın işğalçı siyasətinin tam iflasa uğraması üçün hələ də mübarizəmizi davam etdirəcəyik. Doğrudur, sülh sazişi vacib bir mərhələdir. Amma indiki məqamda hesab edirəm ki, Rusiyanın böhrana düşməsi Ermənistanı mövqe və praktiki baxımdan sülh müqaviləsini imzalamağa vadar edəcək. İrəvanda başa düşürlər ki, artıq Rusiyanın onlara dəstəyinin vaxtı bitib. Ermənistanın özünə yeni sahib axtarması da uzun prosesdir. Çünki Qərblə təmasları lazımi səviyyədə deyil. Ermənilər yaxşı başa düşürlər ki, keçid dövründə çox zəifdirlər. El dilində desək, Ermənistan yiyəsiz qalacağını yaxşı başa düşür. Onu da anlayırlar ki, Bakının İrəvana təzyiqi getdikcə daha da artacaq. Bu dövrün daha da konfliktsiz keçməsi üçün onlar sülh sazişi ilə bağlı müxtəlif bəyanatlar səsləndirəcəklər. Biz buna bənzər bəyanatları hələ çox eşidəcəyik. Amma mən ermənilərin səmimiyyətinə inanmıram. Biz başa düşməliyik ki, ermənilərin ərazi iddiaları ilə bağlı yürütdüyü siyasətlərini sərt şəkildə darmadağın etmək üçün vaxt lazımdır. 

– Hazırda Türkiyə ilə Ermənistan arasındakı danışıqlar da intensivləşib. Antalya Diplomatiya Forumunda da buna bir daha şahidlik etdik. Sizcə, Ankara ilə İrəvan arasındakı danışıqların nəticəsi nə olacaq? 

– Ənənəvi Ermənistan-Türkiyə qarşıdurmasının mənbəyi həmişə Rusiya olub. İndi Rusiyanın bu bölgədə zəifləməsi Ermənistanı vadar edir ki, həmişə özünə düşmən bildiyi Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmək lazımdır. Onlar bunu yaxşı anlayırlar. Yəni, bu danışıqlar da böyük prosesin bir hissəsidir. Bu baxımdan düşünürəm ki, Ermənistan özünün “ərazi iddiaları siyasəti”ndən əl çəkməlidir. İrəvandan bununla bağlı lazımi siyasi bəyanatlar səsləndirilməlidir. Ən əsası, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı məsələ aradan qaldırılmalıdır. Hətta Ermənistanın müstəqillik haqqında bəyanatında da bu məqam qeyd edilib. Orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları təsbit olunub. 

– Qarabağdakı rusiyalı sülhməramlıların bir hissəsi Ukraynaya yola düşdü. Elə bu məqamda sülhməramlıların nəzarət zonasındakı ərazilərdə ermənilərin təxribatlarının sayı da artdı. Həmin qanunsuz silahlı dəstələrə qulaqburması verilə, onların zərərsizləşdirilməsi istiqamətində hansısa addımlar atıla bilərmi?

– Bilirsiniz, son təxribatların arxasındakılar həm ermənilərin, həm də Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin rəhbərliyidir. İndi onlar vəziyyəti gərginləşdirərək göstərmək istəyirlər ki, mütləq şəkildə orada qalmalıdırlar. Onlar istəməzlər ki, Qarabağdan getsinlər və Ukraynadakı müharibədə iştirak etsinlər. Söhbət Qarabağdakı rusiyalı sülhməramlılardan gedir. Digər tərəfdən, baş verənlər erməni əhalisi arasında da təşvişə səbəb olur. Həmin ərazilərdə qazın, işığın, suyun olmaması, rus hərbçilərinin bir qisminin Qarabağdan Ukraynaya getməsi onu göstərir ki, orada hər şey müvəqqətidir. Ona görə də erməni kökənli əhalinin Qarabağdan çıxıb getməsi, qaçması da təbiidir. Silahlı ermənilər və sülhməramlılar erməni əhalinin oradan getməsi üçün təxribatlara əl atırlar. Düşünürəm ki, bütün bunlar nəticə verməyəcək. 

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 20 =