Bakıda camaat niyə avtobuslardan qaçır?-Video

Bakıda camaat niyə avtobuslardan qaçır?-Video

Bakıda tıxacların yaranma səbəblərindən biri də avtomobillərin həddindən artıq çoxluğudur. Azərbaycanda insanlar hər yerə avtomobillə getməyə üstünlük verir, halbuki inkişaf etmiş ölkələrdə bunun əksini görürük. Məsələn, Almaniyada insanlar daha çox ictimai nəqliyyata və velosipedə üstünlük verirlər. Ümumilikdə dünyanın 100-ə qədər şəhərində ictimai nəqliyyatdan istifadə haqqına bu və digər formada güzəştlər tətbiq edilir. Eyni zamanda xüsusilə böyük şəhərlərin giriş və çıxışlarındakı nəqliyyat mübadilə mərkəzlərinin yaxınlığında pulsuz parkinq yerləri yaradılır. Bütün bu addımlar xüsusilə, şəhər mərkəzlərində tıxacların əsaslı dərəcədə azalmasına imkan verir. Bəs aidiyyəti qurumlar Azərbaycanda insanların ictimai nəqliyyata marağını artırmaq, basabası aradan qaldırmaq paytaxtda olan minik avtomobillərinin sayını minimuma endirmək üçün nə edir?

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, pandemiyadan əvvəl Bakıda ictimai nəqliyyatın illik səfər sayında artımlar müşahidə olunurdu. Onun sözlərinə görə, təkcə 2019-cu ildə ictimai nəqliyyatın səfər sayı 17 faiz artaraq təxminən 800 milyona çatıb, lakin 2020-ci ildə pandemiyanın yaratdığı reallıqlar səbəbindən bu göstərici 50 faiz azalıb.

Agentlik rəsmisi deyir ki, ictimai nəqliyyata marağı artırmaq üçün müəyyən işlər görülür: “Ümumilikdə Bakıda 49 küçə ilə bağlı təkli irəli sürülüb. Onu da qeyd etmək lazımdır ki, bu gün avtobus zolaqlarının tam şəbəkə formasında təşkil edilməməsi, nəzarət məsələlərinin bir qədər zəif olması yenə də avtobus zolaqları ilə bağlı hədəflənən nəticəni əldə etməyə imkan vermir”.

Bəs nəzarət mexanizmi necə formalaşmalıdır? Bu işdə hansı qurum daha çox məsuliyyət daşıyır? Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sualımıza cavab olaraq bildirildi ki, Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov deyir ki, ictimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun: “Buna kütləvi daşınma yanaşmasının genişləndirilməsi, ikitəkərli nəqliyyat vasitələrindən istifadə üçün əlaçatanlığın artırılması, infrastruktur və təhlükəsizliyin təmin edilməsi, ictimai nəqliyyatla bir məntəqədən digər məntəqəyə qısa zaman ərzində çatmaq, inteqrasiya edilmiş mobilllik xidmətinin təşkil edilməsi, MaaS-ə velosiped, skuter paylaşma sistemləri və avtomobil paylaşma xidmətləri, eləcə də saysız-hesabsız yeni mobillik xidməti təminatçıları aiddir”.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev isə deyir ki, avtomobil parkının sürətlə artaraq 1 milyon 661 mindən çox olması ciddi problemlər yaradır: “Hazırda respublikamızda avtomobil parkının sürətlə artaraq 1 milyon 661 mindən çox olması və həmin nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin paytaxt ərazisində istismar olunması sözsüz ki, hərəkətin tənzimlənməsində bir sıra çətinliklər yaradır. Odur ki, paytaxt yollarında hərəkətin tənzimlənməsi və hərəkətə nəzarətin həyata keçirilməsində texniki qurğu və vasitələrlə yanaşı, bu prosesə yüzlərlə YPX əməkdaşı da cəlb olunur. Konkret ərazilərdə, yol kəsişmələrində tıxac və sıxlıqların yaranmasının qarşısının alınması və aradan qaldırılması prosesinin idarə edilməsi, sözsüz ki, məhz onların bilavasitə iştirakı ilə mümkün olur”.

Ekspertlər isə düşünür ki, çoxşaxəli nəqliyyat sistemi inkişaf etdirilərsə, həm insanların ictimai nəqliyyata marağı artar, həm də tıxacların sayı azalar.

Bəli, elə özümüz də eşitdiyimiz üçün nəticə yoxdur. Aidiyyəti qurumlar sistemli şəkildə tədbirlər görmək əvəzinə, məsləhətlər verəcəklərsə, saçımız tıxaclardaca ağaracaq.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × three =