Bakıda yolların 1750 km-də kanalizasiya xətti yoxdur

“Bakıda olan yolların 1750 km-də yağış ötürücü kanalizasiya xətti yoxdur”.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

O bildirib ki, martın 29-da Bakıya 15, Maştağaya isə 19 mm yağıntı düşüb: “Bu, çoxillik göstəricinin 70 faizi deməkdir, yəni aylıq göstəricinin 70 faizi bir gündə düşüb. Bakıda kanalizasiya sistemləri elə qurulub ki, yağış suyunu birdən-birə apara bilmir. İki cür kanalizasiya sistemi var: məişət kanalizasiya sistemi, bir də yağış ötürən kanalizasiya sistemi. Hər bir yolun kənarında yağış suyunu ötürmək üçün yerlər olmalıdır. Həmin yerdən su ümumi kanalizasiya sisteminə qoşulur. Lakin Bakıda yağış ötürən kanalizasiya sistemi bəzi yerlərdə ya tutulub, ya da yoxdur”.

Mütəxəssis Bakıda yolların ümumi uzunluğunun 2000 km olduğunu xatırladıb. O deyib ki, bu yolların 1/8-də, yəni 250 km-də yağış ötürücü kanalizasiya xətti var, 1750 km-də isə yoxdur: “Bunun səbəbi yolu tikib layihələndirəndə bu xətlərin çəkilişinin nəzərə alınmamasıdır. Halbuki, Bakı amfiteatrı xatırladır. Aşağıdan başlanır, yuxarıya qədər artır, yəni bu xətləri çox asanlıqla çəkmək olar”.

İqlimşünasın sözlərinə görə, Bakıya bir il ərzində borular vasitəsilə gələn içməli suyun miqdarı qədər də atmosfer yağıntısı düşür: “Bakıya bir il ərzində kəmərlər vasitəsilə 0,63 kub/km su gətirilir, il ərzində isə 0,58 kub/km yağış düşür. Yağış suyunu səmərəli istifadə etmək olar. Yağışın təxminən yarısı bərk örtüklü ərazilərə düşür. Torpağa düşən su hopur, qalmır. Bərk örtüklərə, yəni yollara və binaların damına düşən suyu isə binanın həyətində kiçik su anbarları yaradıb, ora yığmaq olar və yayda da bu sudan yaşıllıqların sulanmasında istifadə etmək daha faydalı olar. Ancaq biz Bakıya çox baha qiymətə borularla gətirilən içməli sudan yaşıllıqların suvarılmasında istifadə edirik”.

M.Həsənov qeyd edib ki, yolların kənarlarına yağan yağış suyu Bakı amfiteatr formasında olduğu üçün bir istiqamətdə gedir: Bu suların getdiyi istiqamətdə kiçik su anbarları yaradıb, yağış sularını ora da yönəltmək olar. Bu su anbarlarının yaranmasına çox vəsait tələb olunmur. Yağış suyunun asfalta vurduğu zərərin 1/10-i qədər xərc ora getmir. Məlumdur ki, yağış ən keyfiyyətli asfaltın üzərində müəyyən müddət qalırsa, həmin asfaltın keyfiyyəti 50 faiz itir. Yeni yola sərf olunacaq vəsaiti anbar tikintisinə sərf etmək olar. Bununla da biz həm içməli suya qənaət edər, həm də yollarımızı mühafizə edərik, avtomobillərimizi, insanlarımızı su ilə dolu yollardan, palçıqdan qoruyarıq. Bu işə hökumət səviyyəsində baxılmalıdır”.

Mütəxəssis bildirib ki, kanalizasiya sistemi quranlar ərazinin relyefini nəzərə almırlar: “Bizim ən yaralı yerimiz belə işlərdə mütəxəssislərə müraciət olunmamasıdır. Elmlə istehsalat və təsərrüfat arasındakı məsafəni azaltmaq lazımdır”. (Moder.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 11 =