Bayden: İsraillə HƏMAS arasında razılaşma üzrə irəliləyiş var

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs razılaşması planı üzrə razılığa gəliblər, lakin təfərrüatlar hələ də işlənib hazırlanmalıdır.
Bunu ABŞ Prezidenti Cozef Bayden NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
“Altı həftə əvvəl mən BMT Təhlükəsizlik Şurası və Yeddilik Qrupu tərəfindən təsdiqlənən müfəssəl plan hazırladım. Bu plan İsrail və HƏMAS-la razılaşdırılıb, təfərrüatları işləmək üçün bölgəyə nümayəndələr göndərdim”, – Bayden bildirib.
O, həmçinin qeyd edib ki, razılaşmada hələ də boşluqlar var, lakin ümumilikdə müsbət tendensiya müşahidə olunur.
“Bu razılaşmaya nail olmaq və bu müharibəni bitirmək əzmindəyəm”, – ABŞ lideri vurğulayıb.