Beynəlxalq təşkilatlara Ermənistanın mina xəritələrini verməkdən imtinası ilə bağlı müraciət edilib

Beynəlxalq təşkilatlara Ermənistanın mina xəritələrini verməkdən imtinası ilə bağlı müraciət edilib

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən “Natavan Qrup” təşkilatı və bu ölkədə yaşayan azərbaycanlı icmasının bəzi üzvləri Ermənistan hökumətinin Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrini verməkdən imtina etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nərminə Məmmədova, Səbinə Quliyeva və fəal diaspor üzvlərinin adından Avropa Birliyinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT, “Amnesty İnternational” və “Human Rights Watch”un Birləşmiş Krallıqdakı nümayəndəliklərinə, “HALO trust” təşkilatına, UNICEF-in “Innocenti” tədqiqat idarəsinə və Böyük Britaniya Parlamentinin üzvlərinə ünvanlanan müraciətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılığı, rəsmi Bakının təkbaşına Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə nail olduğu barədə ətraflı məlumat verilib.

Müraciət müəllifləri təəssüflə qeyd ediblər ki, doğma yurd-yuvalarından 30 ilə yaxın didərgin düşən həmyerlilərimiz hələ də evlərinə qayıtmaq arzularını gerçəkləşdirə bilmirlər, çünki Ermənistan silahlı qüvvələrinin işğaldan azad olmuş ərazilərdə saysız-hesabsız minalar yerləşdirməsi buna böyük əngəl yaradır. II Qarabağ müharibəsindən sonra xarici jurnalistlərin və siyasətçilərin Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfər etdikləri, törədilmiş dağıntıların səviyyəsinə görə Ağdamı “Qafqazın Xirosiması” adlandırdıqları, piyadalar əleyhinə minalardan silah qismində istifadənin insanlığa qarşı cinayət olduğu vurğulanıb.

Soydaşlarımız beynəlxalq təşkilatları minaların xəritələrinin Azərbaycana təhvil verilməsi məqsədilə Ermənistan hökumətinə təsir göstərməyə, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, etnik azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının təmin olunması məsələlərində rəsmi Bakını dəstəkləməyə çağırıblar.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 1 =