Bizi yollarda kimlər qırır? – Dəhşətli yol qəzaları-Video

Bizi yollarda kimlər qırır? – Dəhşətli yol qəzaları-Video

Azərbaycanda baş verən yol qəzalarının sayı ilbəil artır. Hər gün onlarla qəza baş verir. Təkcə ötən həftə 8 nəfər yol qəzalarının qurbanı olub. Ötən 9 ay ərzində isə sadəcə paytaxt ərazisində 220 piyadavurma hadisəsi qeydə alınıb. Vurulan piyadalardan 102-si dünyasını dəyişib.

Qəzaların çoxalmasını avtomobil sayının artması, yolların bərbad vəziyyətdə olması kimi amillərlə bağlayanlar çoxluq təşkil edir.

Piyadalar günahı sürücülərdə, sürücülər isə piyadalarda görür.

Nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə, qəzaların hər il durmadan artmasının 2 əsas səbəbi var: Sürücülərin hazırlıq səviyyəsinin aşağı olması və yol infrastrukturundakı problemlər: “Birincisi yol hərəkət iştirakçılarının hazırlıq səviyyəsidir. Bizdə sürücü hazırlıq səviyyəsi yetərli deyil. Yol infrastrukturunda ciddi problemlər var. Yol hərəkəti, texniki vasitələrinin təchizi, məsələn işıqfor nişanların yerində olmalıdır. Vaxtında tibbi yardımın göstərilməməsidir. Məsələn Avropa ölkələrində belə bir yanaşma var. Əgər qəza yerinə ilk 8 dəqiqə ərzində ixtisaslaşmış tibbi briqada çatsa, yaralıların xeyli hissəsi həyatda qala bilər”.

Ekspertlər düşünür ki, süni işıqlandırma problemi aradan qaldırılsa, qəzaların sayı 30% azalacaq: “Birinci növbədə bu işlə məşğul olan dövlət qurumları öz qarşılarında duran vəzifələri icra eləməlidirlər, cəmiyyəti də arxaları ilə aparmalıdırlar. Sürücülərin peşəkarlığı artırılandan sonra sürət rejiminə, yol nişanlarına, digər nəqliyyat vasitələrinə, piyadalara hamısına diqqət edəcəklər. Hazır resept var. Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət planı var, sadəcə olaraq icra etmək lazımdır. Biz statistikaya baxsaq, ölkə ərazisində baş verən qəzaların yarısı piyada vurmalarıdır. Bunun da 80%-i sutkanın qaranlıq vaxtı yaşayış məntəqələrində baş verir”.

DİN-in Baş DYP İdarəsindən aldığımız məlumata görə, 2020-ci il ərzində respublika ərazisində baş vermiş 1587 yol-nəqliyyat hadisəsi nəticəsində 696 nəfər həlak olub, 1410 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən il ərzində isə 1649 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Rəqəmlər də göstərir ki, hər il say artır.

Dünyada hər il təxminən 1,3 milyon insan yol qəzaları nəticəsində həyatının itirir. 20-50 milyon insansa sağlamlığını itirir, müxtəlif dərəcəli xəsarətlər alır.

Rəsmi statistikaya əsasən, Azərbaycanda il ərzində 700-800 insan yol terrorunun qurbanı olur. Ən dəhşətlisi isə bu qəzaların ilbəil azalmaq əvəzinə artmasıdır. Bəs bu qədər ölüm-itimin qarşısını necə almalyıq? Görünür, aidiyyəti qurumlar bu sual ətrafında yetərincə düşünmürlər. Yoxsa, qurbanların sayı hər il niyə bu qədər artsın ki?

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =