BM-nin baş prokuroru: “ABŞ və İsrailin cinayətlərini araşdırdığım üçün məni təhdid etdilər”
Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) baş prokuroru Fatu Bensuda vəzifəsi müddətində ABŞ və müttəfiqləri tərəfindən törədilən cinayətləri araşdırdığı üçün təhdid edildiyini, hücuma məruz qaldığını və cəzalandırıldığını söyləyib.
Deyerler.org xəbər verir ki, prokuror Fatu Bensouda dünən (14 dekabr) ABŞ və müttəfiqləri tərəfindən işlənən cinayətləri araşdırdığı üçün Vaşinqtonun ona qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
“The İndependent” qəzetinin yazdığına görə, vəzifəsindən ayrılmadan əvvəl F.Bensuda Beynəlxalq Ədalət Məhkəməsinin illik iclasında etdiyi sonuncu çıxışında bunları deyib: “Sionist rejim də daxil olmaqla ABŞ-ın və müttəfiqlərinin cinayətlərini araşdırdığım üçün ofisim görünməmiş və tamamilə qəbuledilməz hədələrə, hücumlara və sanksiyalara məruz qaldı”.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru daha sonra, bu hərəkətlərin bütün məhkəməyə və üzv dövlətlərə bir hücum olduğunu və beynəlxalq hüquq əsaslı bir sistem üçün təhlükəli prosedurlar yaratdığını söyləyib.
“Səmimi qəlbdən ümid edirəm ki, ABŞ bu məhkəməyə qarşı təcavüzkar silahlı siyasətini dayandıracaq. Bu cür hücumları heç kim qazanmır”, – deyə o, bildirib.
12 sentyabrda ABŞ-ın dövlət katibi Mayk Pompeo, Haaqa məhkəməsinin prokuroru Fatu Bensuda və məhkəmə sistemindəki əlaqələr və əməkdaşlıq və yurisdiksiyanın rəhbəri Fakiso Muçoçokoya ABŞ tərəfindən sanksiya tətbiq edildiyini elan etmişdi.
Bu addım ABŞ-ın prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalara icazə verən sərəncam imzalamasından sonra baş vermişdi. Bundan əvvəl İsrail rejiminin baş naziri Binyamin Netanyahunun ABŞ və digər ölkələri Beynəlxalq Cinayət Məhkəməsinin üzvlərinə qarşı sanksiya tətbiq etməyə çağırdığı bildirilirdi.
Buna cavab olaraq, Beynəlxalq Cinayət Məhkəməsi bu hərəkəti “görünməmiş və qəbuledilməz” bir hərəkət olaraq xarakterizə etmişdi: “Bu cür hərəkətlər yalnız ictimai cinayətlərdən qorunmaq üçün birgə səylərimizi sarsıdır”.