BMT Baş katibi: Qəzza kütləvi aclıqla üz-üzədir, bu artıq xəbərdarlıq deyil — gerçəkdir


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Qəzzada dərinləşən humanitar böhranla bağlı narahatlığını ifadə edib. Quterreş, beynəlxalq qida təhlükəsizliyi indikatoru olan IPC-nin (Fazalı Qida Təhlükəsizliyi Təsnifatı) son açıqlamasına istinad edərək bildirib ki,
“Qəzza hal-hazırda kütləvi aclığın astanasındadır”.
Baş katibin sözlərinə görə, Fələstin xalqı tarixi miqyasda bir humanitar fəlakətlə üzləşib və bu vəziyyət artıq xəbərdarlıq xarakteri daşımır — dünyamızın gözü qarşısında açıq şəkildə gerçəkləşir.
O əlavə edib ki, Qəzzaya daxil olan humanitar yardım “dənizdə bir damladır” və müharibə bölgəsinə qida, su, dərman və yanacağın maneəsiz şəkildə daxil olması zəruridir. Quterreşin fikrincə, bölgədə yaşanan kabus artıq sona çatmalıdır.