Borrelə həddini bildirən XATIRLATMALAR – TƏHLİL

Borrelə həddini bildirən XATIRLATMALAR – TƏHLİL

Ölkəmizə qarşı ədalətsiz yanaşması və ermənipərəst mövqeyi ilə seçilən Avropa diplomatiyasının rəhbəri Jozep Borrell Azərbaycana qarşı qərəzli olduğunu yenə də gizlətməyib. Qarabağdan köç edən ermənilər barədə statistik göstəriciləri belə əhəmiyyətli dərəcədə şişirdən Borrell, Ermənistan tərəfinin onsuz da şişirtdiyi rəqənləri belə “kölgədə” qoymaqla, bu dəfə “həddini aşıb”. Görünür, Avropa diplomatiyası rəhbərinə bir sıra xatırlatmalar etmək gərəkir ki, “həddi bildirilsin”.

Borrell tərəfindən ölkəmizə qarşı səsləndirilən fikirlər, hər zaman olduğu kimi, yenə də həqiqətdən uzaqdır və yalnız təxribatçı fikir olaraq qəbul edilməkdədir. Onun 4 dekabr tarixində, Avropa İttifaqı QHT forumunda dedikləri əslində, hansı mövqedə olduğunu bir daha təsdiqləyir. “Uzun müddətdir dondurulmuş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsi hərbi müdaxilə ilə həll edilib və bu, bir həftə ərzində 150 ​​min insanı evlərini tərk etməyə məcbur edib”, deyən Avropa diplomatiyası rəhbəri bir cümləsində bir neçə yalana və təxribata birdən əl atıb. Xatırladaq ki, əvvəla, münaqişənin dondurulması yox, onun həlli tələb olunurdu və münaqişənin dondurulmasına da çalışan Azərbaycan yox, Ermənistan tərəfi idi. Hərçənd, elə bu münaqişənin, Borrell də dediyi kimi, hərbi yolla həll edilməsinin səbəbi də onun dondurulması cəhdi sayılır. Çünki Azərbaycan bu münaqişənin həllini, özü də sülh yolu ilə həllini gözlədiyi halda, onu dondurmaq ədalətin bərpasını, haqqın qələbəsini dondurmaq, uzatmaq kimi başa düşülür və buna da biz razı ola bilməzdik. Xalqımız özünə məxsus olan dəyərlərə sahib çıxmaq üçün əsrin üçdə birinə yaxın müddət ərzində gözləmədi ki, kimsə, nəyi isə dondursun. Əgər avropalılar belə “dondurmaq” həvəsindədirlərsə, şəxsən kataloniyalı diplomata tapşırsınlar ki, ilk növbədə gedib İspaniyada katalonlarla bağlı vəziyyəti dondursun. Biz özümüzə məxsus olan uğrunda mübarizə aparmışıq, savaş etmişik, özü də öz torpaqlarımızda və həmin torpaqlarda da qonşu ölkənin qanunsuz silahlılarını tərksilah etmişik. Amma Jozep Borrelə xatırladaq ki, İpaniya kimi bir Avropa ölkəsi öz daxilində azadlıq, müstəqillik istəyən kataloniyalıların arzusunu bir anda güc hesabına boğmuş oldu və həmin o istəyi dondurmaq yada belə düşmədi.

Bir həftə ərzində 150 min insanın evlərini tərk etməsini deyən Borrell bu rəqəmi hardan götürüb ki, belə ağız dolusu əminliklə danışır? Axı Ermənistan tərəfi belə bunun 100 min nəfər olduğunu iddia etmişdi, özü də şişirdərək. Bəs avropalı diplomata nə düşmüşdü ki, həmin rəqəmi düz 50 min artıraraq ifadə edirdi? Harda yaşamışdı həmin o dedyi 150 min erməni, Qarabağ ərazisindəmi? Soruşmaq ayıb olmasın, onlar, yəni Borrelin dedyi həmin o 150 min nəfər keçid məntəqəsindən keçmədən, göylə getmişdi, yoxsa, yerin altı ilə? Axı bizim də gözümüz önündə bu köç deyilən qurma oyunu Ermənistan tərəfi oynamışdı və həmin sayda insanın köç etməsini təsdiq edən bircə dənə də mənbə yoxdur. Halbuki, rəsmi Bakı avropalı diplomatın bu ədalətsiz mövqeyinə, bəyanatına, şişirtdiyi statistik rəqənlərə dərhal cavab verib. “Avropa İttifaqına bəllidir ki, bu əraziləri tərk edən 15 min erməni Ermənistan ordusunun hərbçiləridir. Üstəlik, əgər Ermənistan tərəfi ərazini tərk edən ermənilərin sayının 100 min olduğunu bəyan edibsə, Borrelin 150 min nəfəri qeyd etməsi ciddi anlaşılmazlıq kimi başa düşülür. Borrelin bu cür yalan bəyanatları Aİ-nin vasitəçilik səylərini və Aİ Şurasının sədri Çarlz Mişelin bu istiqamətdəki missiyasını sarsıdır”, deyə ölkəmizin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. İndi buyursun Borrell də həmin o statistik rəqəmi haradan götürdüyünü söyləsin və ölkəmizin Xarici İşlər Nazirliyinin rəsmi şəkildə bəyanatının ardınca rəqəmlərə bir daha aydınlıq gətirsin.

Onsuz da nə Borrell, nə də Ermənistan tərəfindən şişirdilmiş şəkildə söylənilən rəqəmlərə qətiyyən inanan yoxdur. Əvvəla, bu rəqəmləri təsdiq edə bilən bircə dənə də sübut tapıb hələ də ortaya çıxaran olmayıb. Digər tərəfdən də biz bilirik ki, hər şeyi şişirtmək Ermənistanda bir tarixi ənənəyə çevrilib. Sanki ermənilər hər şeyi şişirtməkdən xoşlanırlar. Bəs Borrell niyə bundan xoşlanır? Azərbaycanın Qarabağ ərazisini 107 min erməninin tərk etdiyi barədə İrəvanda deyildiyi halda, bu rəqəmi əməlli-başlı şişirdib 150 min demək, erməni olmaq həvəsidir, yoxsa erməni dostlarını və ya sponsorlarını razı salmaq niyyəti? Sözsüz ki, erməni təbliğatı Borrelin belə fikirlərindən istifadə edərək, rəqəmlərin bir az da şişirdilməsinə çalışır və erməni xislətinə bələd olduğumuz üçün bu bizi qətiyyən təəccübləndirmir. Ələlxüsus da, Avropa İttifaqının ikili standartlar, ikili yanaşma tətbiq etmək, ermənilərin isə mif yaratmaq və onu şişirtmək “həvəsi” nəzərə alındıqda, Borrelin şişirtmələri bu anda qətiyyən təəccüb doğura bilməz. Söhbət Azərbaycandan gedəndə isə hər ikisinin, Aİ-nin də, ermənilərin də həmin o qeyd olunan “həvəsi” sözsüz ki, dəfələrlə artmış olur.

Borrell münaqişələrin güc yolu ilə həllinin qadağan olması barədə ağız dolusu danışdığı zaman isə utanmaq hissini tamamilə itiribmiş, çünki əks halda kimin güc yolu ilə nə etdiyini xatırlayıb, ən azından bu barədə danışmaz və susardı. “Yaşadığımız zamanın çağırışları bizi yalnız bütün dünyada insan hüquqlarının müdafiəsini davam etdirməyə sövq etməlidir. Çünki bizim gördüyümüz amansız güc siyasətinin qayıdışıdır. Getdikcə daha çox münaqişə güc yolu ilə həll olunur. Buna qadağa qoyulmalı idi”, deyən kataloniyalı populist gileylənməkdə yaman gecikib. Deyəsən, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər güc tətbiq edəndə, qətliamlar, vəhşiliklər, soyqırımları törədəndə, ərazilərimizi işğal edəndə, torpaqlarımızı zəbt edəndə, ölüm və işgəncə təhdidi altında azərbaycanlıları ayaqyalın, başıaçıq öz yürd-yuvalarından didərgin salanda Borrell qış yuxusunda olubmuş. Ermənilər tərəfindən Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel və hətta bəşəriyyət tarixində insanlıq dramı kimi qalan Xocalı faciəsi törədiləndə niyə Borrelin səsi çıxmamışdı? Qətlə yetirdikləri azərbaycanlıların cəsədləri üzərində təhqiramiz hərəkətlər edildiyini Borrell yuxudan, qış yuxusundan ayılandan sonra da olsa görməmişdi? Axı bu barədə kifayət qədər foto və hətta video materiallar, faktlar, arqumentlər var və bu vaxta qədər görməmək üçün hərtərəfli kor olmaq gərəkirdi, amma öz xoşu ilə köç edib gedən erməniləri səhv də olsa, saymasından görürük ki, Borrell kor deyilmiş və hətta biri iki, yaxud üç də görə bilirmiş ki, köç edən ermənilərin sayını fantastik şəkildə ifadə edib.

Avropa diplomatiyasının rəhbərinə xatırlatmaq lazım gəlir ki, həmin o Avropa düz otuz il Ermənistanın təcavüzünə, azərbaycanlı əhalinin soyqırımına və Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal altında saxlanılmasına göz yumub. Bir milyon insanın məhz erməni separatçılarının ölüm və işgəncə təhdidi fonunda qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburəyyətində qoyulduğu zaman nəinki təkcə Borrell, bütün avropalılar susublar. Amma indi Borrel kimi birinin timsalında onlar Azərbaycan ərazisində qeyri-qanuni yaşayan bir neçə on minlərlə erməninin könüllü olaraq Ermənistana köçməsinə görə Azərbaycanı az qala bütün “bağışlanılmaz” günahlarda ittiham etməyə çalışırlar. Sözsüz ki, bu, Avropanın ikili standartlarının və hətta ölkəmizə ədalətsiz yanaşmasının təzahürüdür. Belə çıxır ki, Azərbaycanın öz ərazisində anti-terror tədbirləri görməsi, qanunsuz silahlı dəstələri tərksilah etməsi, ərazilərini də həmin o silahlılardan təmizləməsi, öz gücü hesabına, özü də ən qısa zaman kəsiyində hər şeyin öhdəsindən gəlməsi, kimlərinsə, yumşaq desək, xoşuna gəlməyib. Bu kimlərinsə biri də məhz elə Borrell imiş və indi digərləri kimi, onun da qıcıqlanmasının səbəbi bu mənada tamamilə başadüşüləndir.

Nəzərə alsaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqının payına düşür, deməli, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı hesab olunur. Şəxsən Borrelə xatırlatmaq yerində düşərdi ki, Azərbaycan Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair protokollar qəbul edib və bu da ondan xəbər verir ki, istər ayrı-ayrı dövlətlər, istərsə də təşkilatlar səviyyəsində əlaqələrimiz olduqca yaxşıdır. Özü də ölkəmizin Avropa siyasəti ilə bağlı əsas prioritetləri belə dəyişməzdir və biz Avropa İttifaqı ilə, eləcə də Avropa Komissiyası ilə ticarət-iqtisadi sahədə əməkdaşlığı davam etdirməkdən çəkinmirik. Amma bu o demək deyil ki, biz Avropa İttifaqının ikili standartlarını qəbul etməliyik, həmin ikili standartlarla barışmalıyıq. Yaxud, bu o demək deyil ki, Avropa İttifaqının reallıqları təhrif etməsinə Azərbaycan imkan verəcək. Avropa İttifaqı ilə tərəfdaşlıq heç Borrelin özünə də əsas vermir ki, Azərbaycan barədə təhrif olunmuş fikirlər səsləndirsin. Yaxud da Aİ ilə həmin tərəfdaşlıq o demək deyil ki, Avropa diplomatiyasının rəhbəri Borrelin Azərbaycana qarşı qərəzli mövqeyinə, statistik göstəriciləri şişirdərək, ölkəmizə qarşı hansısa şərt daxilində hədə ilə danışmasına imkan verilə bilər və ona öz həddini bildirən xatırlatmalar edilməz. Xeyr, istər Borrell, istərsə də kim olur-olsun, Azərbaycanın haqq işinin, ədalətli mövqeyinin, milli maraqlarının qanuni şəkildə müdafiəsinə qarşı çıxan hər kəsə reallıqlar haqda xatırlatmalar ediləcək və dərhal da həmin xatırlatmalarla həddi bildiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =