Böyük fəlakət və ya Nəkbə günü/Fələstin-İsrail müharibəsinin başlanması (1948)

Böyük fəlakət və ya Nəkbə günü/Fələstin-İsrail müharibəsinin başlanması (1948)

Fələstinin bölüşdürülməsi

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin torpaqlarının bölüşdürülməsini nəzərdə tutan “Fələstinin gələcək hökuməti ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 181(II) saylı qətnaməsi” adlı sənəd qəbul edir. Qətnamədə Britaniyanın Fələstindəki hegemonluğuna son qoyulması, bölgədə yəhudi və ərəblərə məxsus iki müstəqil dövlətin yaradılması fikri öz əksini tapır, Qüds-Beyti-Ləhm ərazisi isə BMT-nin nəzarətinə və idarəçiliyinə verilir.

Qətnamədə hər iki gələcək dövlət üçün təyin olunan sərhədlər detallı şəkildə açıqlanır. Sənəddə, həmçinin bu dövlətlər arasında iqtisadi birliyin yaradılması, qarşılıqlı olaraq dini və etnik hüquqların qorunması məsələsi əks olunur. Qətnamə 1948-ci ilin avqustunadək Britaniya mandatlığının tam ləğvi və ingilis qoşunlarının bölgəni tərk etməsinin ardınca həmin ilin oktyabrında yeni dövlətlərin yaradılacağını vurğulayır.

Nəkbə günü və ya ilk Ərəb-İsrail müharibəsi (1948)

1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının yarıdan çoxunu azsaylı yəhudi xalqına, qalanını isə 1,3 milyon nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. Prosesə əvvəlcədən hazırlaşmış yəhudi liderlər bölünmə planını dəstəklədilər, amma yerli ərəblər ədalətsiz qərarı etirazla qarşıladılar. Ərəb Liqası dövlətləri Fələstinin bölüşdürülməsi planının icrasını dayandırmaq, yerli ərəb xalqının hüquqlarını qorumaq barədə qərar qəbul etdilər.

Britaniya mandatlığının ləğvinə bir gün qalmış yəhudi liderlər isə qətnamədə nəzərdə tutulmuş sərhədlər daxilində İsrail dövlətinin yaradıldığını bəyan etdilər. Bunun ardınca ərəb ölkələri tarixi Fələstin torpaqlarında yaradılmış İsrail rejiminə qarşı müharibə elan etdilər. 1948-ci il mayın 14-də İsrail dövlətinin yaradılmasının elan edilməsindən 24 saat keçməmiş Misir, İordaniya, Suriya, Livan və İraq orduları hərbi əməliyyata başladılar. 15 ay davam edən döyüşlərdə yenicə təşkil olunmuş, pis silahlanmış İsrail Müdafiə Ordusu (TSAHAL) hücumları dəf edə bilir. Bundan sonra fələstinlilər vətənlərini tərk etməyə məcbur olurlar.

15 may 1948-ci ildə yurdlarını tərk edən fələstinlilərin 2 milyonu İordaniyada, 430 mini Livanda, 790 mini Qərbi Şəriyyədə, 1,1 milyonu Qəzzada məskunlaşır. BMT Təhlükəsizlik Şurasının qərarları bu fələstinlilərin torpaqlarına qeyd-şərtsiz olaraq qayıtmaq haqqını tanıyır. 1949-cu ildə aparılan müzakirələrdə yalnız 100 min fələstinlinin öz torpaqlarına qayıtmaq haqqını tanıyan İsrail rejimi son olaraq ortaya “Yəhudi dövləti” anlayışını atır. Fələstin rəhbərliyi isə “Yəhudi dövləti” anlayışının mühacirlərin geri, öz torpaqlarına qayıtmaq haqqını pozduğunu bildirir.

1949-cu ilin ilk aylarında BMT-nin himayəsi altında İsrail və ona qarşı döyüşən bütün ölkələr (İraqdan başqa) arasında birbaşa danışıqlar olur, danışıqların gedişində hərbi əməliyyatların dayandırıldığı anda qeydə alınan atəşkəs xətlərinin saxlanılması haqqında razılıq əldə edilir. Nəticədə sahilətrafı düzənlik, Qalileya və bütün Neqev İsrailin, Yəhudi və Səməriyyə (İordan çayının qərb sahili) İordaniyanın, Qəzzə bölgəsi isə Misirin ixtiyarına keçir. Qüds isə elə bölünür ki, Köhnə şəhər də daxil olmaqla onun bütün şərq hissəsi İordaniyaya, qərb hissəsi isə İsrailə verilir.

Beləliklə, İsrail 1947-ci il BMT-nin 181 saylı Qətnaməsinə görə ona verilmiş 56 faizlik Fələstin torpaqlarını işğal yolu ilə 78 faizə qədər artırır.

Bizimsesimiz.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − eleven =