Böyük fəlakətin rəsmiləşdiyi gün

Böyük fəlakətin rəsmiləşdiyi gün

Məsələ burasındadır ki, Birinci Dünya savaşından sonra Fələstin ərazilərinə nəzarət edən İngiltərə yəhudilərin Fələstin ərazilərinə Osmanlı dövründə başlayan köçünün nəinki qarşısını ala bilmir, əksinə, köçürülmə mandatlıq idarəçilik dövründə daha da sürətlənir. İkinci Dünya müharibəsində Avropada nasistlərdən qaçan minlərlə yəhudi Fələstinə köçürülür. Eyni zamanda təşkilatlanan, iki silahlı hazırlıqlı qrup yaradan yəhudilər ərəbləri bir çox hallarda qətlə yetirməklə yəhudi yaşayış məskənləri salırdılar.
1946-cı ildə Fələstinin Der Yasin kəndində köçmək istəməyən 576 fələstinli yəhudi silahlıları tərəfindən öldürülür.

Münaqişənin daha da böyüdüyünü görən və ərəblərlə daha böyük münaqişəyə girməmək üçün İsrail Fələstin məsələsini BMT TŞ-də müzakirəyə çıxarır.
1947-ci il noyabrın 27-də BMT Baş Məclisinin Fələstin torpaqlarında ərəb və yəhudi dövləti yaradılması ilə bağlı qərarına 33 ölkə lehinə, 13 ölkə əleyhinə, 10 ölkə bitərəf qalır. Bölgüyə əsasən, Fələstin ərazisinin 56 faizi, yəni 14,1 min kv. km-ində yəhudi dövləti – İsrail, yerdə qalan 11,1 min kv.km, yəni 43 faizində isə Fələstin ərəb dövləti yaranmalı idi. O cümlədən yəhudilərə düşən ərazidə 500 mindən bir qədər az yəhudi və 150 min ərəb, ərəblərə ayrılmış torpaqlarda isə 750 min ərəb və 10 min yəhudi yaşayırdı.

106 min ərəb və 100 min yəhudinin yaşadığı 1 faizlik ərazi isə beynəlxalq statuslu zona (Qüds şəhəri) olmalı idi.
O zaman ABŞ, SSRİ və Fransa kimi iri dövlətlər bölünmənin lehinə, ərəb ölkələri, o cümlədən Türkiyə əleyhinə səs verdi, İngiltərə isə keçmiş müstəmləkəsi ilə bağlı qərara bitərəf qalmaqla hər iki tərəfin razılığını qazanmağa çalışdı. 1948-ci il mayın 15-də isə İsrail dövləti elan olundu. Ancaq BMT qanununun ziddinə olaraq İsrail fələstinlilərə öz dövlətlərini yaratmağa imkan vermədi.

İsrailin elan olunması Fələstin ərazilərində yeni müharibənin başlanması ilə yanaşı, tarixən o torpaqlarda yaşayan fələstinlilərin köçürülməsi ilə müşayiət olundu. On minlərlə fələstinli məhz silah gücünə yeni İsrail dövlətinin ərazisindən çıxarıldı. Sonrakı illərdə baş verən 4 ərəb-İsrail müharibəsi Fələstin münaqişəsinin həllinə gətirmədi, əksinə, Fələstin ərazilərinin bir hissəsi, o cümlədən 1947-ci il qərarına əsasən neytral zona olmalı olan Qüds şəhərinin əvvəlcə qərb, daha sonra şərq hissəsi işğal olundu. “ən-Nəkbə” kəlməsi 1948-ci ildə 700 min fələstinlinin vətənindən qovulmasını göstərən bir simvol kimi ərəb Konstantin Zureyk tərəfindən irəli sürülüb.

Fələstin köçkünlərinin sayı 5 milyona çatıb və onlar İordaniyada 3 milyon, Livan 405 min, Suriya 434 min, Misir 44 min, Səudiyyə ərəbistanı 327 min və digər ölkələrdə yaşayırlar.
Yeri gəlmişkən, uzun illər Fələstində Qəzza və Ramallah (İordan çayının qərb sahili əraziləri) arasında davam edən münaqişədən sonra muxtariyyət iki hissəyə bölünüb. Analoji olaraq 2007-ci ildən etibarən Qəzzada Həmas, Ramallahda isə Fəth hərəkatının qurduğu hökumət fəaliyyət göstərir. 2013-cü il mayın 15-də uzun illər davam edən danışıqlardan sonra Həmas və Fəth arasında vahid hökumət qurulması ilə bağlı razılıq əldə olunub.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 3 =