Cəbrayılda gedən döyüşlərdə 2 dəfə yaralanan qazimiz Ramil Məmmədov
Qazi Məmmədov Ramil Rafiq oğlu Cəbrayıl uğrunda gedən döyüşlər zamanı iki dəfə ard-arda yaralandıqdan sonra silahdaşları tərəfindən döyüş meydanından çıxarılıb.
Yeniavaz.com-a danışan Ramil Məmmədov Tovuzda baş verən döyüşlər zamanı könüllü olaraq ordu sıralarına yazıldığını deyir:
“Sentyabrın 21-i məni artıq səfərbərliklə ordu sıralarına çağırmışdılar. Getdim, biz hərbi hissədə təlim gördük. Ondan sonra hərbi hissədən bizi Cəbrayıl ərazisinə göndərdilər. Elə Cəbrayıl ərazisində də yaralanmışam. Oktyabrın 7-si idi. Biz Cəbrayıl rayonu ərazisində irəliləyərkən düşmən tərəfindən atılan minaatan mərmisi yanıma düşərək partladı. Qəlpəsi sol bud hissəmi yaralamışdı. Orada bir müddət atəş altında qaldım. Ərazidə yerləşən səngərlərə tərəf getdim. Yoluma davam etdiyim vaxt yenidən partlayış oldu, bu dəfə sağ qolumun iki tərəfindən də qəlpə dəydi. Bir neçə saat o vəziyyətdə döyüşdüm. Artıq gücüm qalmamışdı. Əsgər yoldaşlarım məni aşağı düşürdü. İlkin tibbi yardımdan sonra Fizulidə yerləşən xəstəxanaya çatdırdılar. Burada qolumdakı qəlpələr çıxarıldı. Amma ayağımdakı qəlpə çox dərində olduğu üçün Füzulidə çıxarmaq mümkün olmadı.
Sonra Bakıda yerləşən Tədris Cərrahiyyə Klinikasına yerləşdirildim. Əməliyyat olundum və ayağımdakı qəlpəni çıxardılar.
2 ay qospitalda qaldıqdan və fizioterapiya gördükdən sonra dekabrın 8-i evə buraxıldım”.
1995-ci il təvəllüdlü qazi özünün də gənc yaşda olmasına baxmayaraq döyüşdəki azyaşlı əsgər yoldaşlarının igidliklərindən də danışıb:
“Mən əslində çox tez yaralandım, amma həmin qısa müddət ərzində yaddaşıma çox xatirə həkk olundu. Ən əsası isə bu döyüşlərdə gənc əsgər qardaşlarımın bizlə bərabər qorxmadan döyüşməsini heç vaxt unutmaram. 18-19 yaşlı gənc əsgərlərin gözündəki o qorxusuzluq döyüşlərdə bizləri daha da həvəsləndirirdi”.
Özü də Aprel döyüşləri vaxtı Murov istiqamətində gedən döyüşlərdə yaralanan qazimizə tezliklə tamamilə sağlamasını arzulayırıq.