Cəsədi buzun altından çıxardıq və… – Almaniyada ölü uşağı həyata qaytaran azərbaycanlı həkimlə MÜSAHİBƏ
Tibbə yenilik gətirən həmvətənimiz bir sıra maraqlı məqamlardan da bəhs edib.
Publika.az-ın özəl qonağı cərrah Cavid Fətullayevdir.
– Doktor, Azərbaycandan Almaniyaya uzanan yolunuzu qısa təsvir etməyinizi istərdim…
– Füzuli rayonunun Gecəgözlü kəndində doğulmuşam. Bakıda böyüsəm də hər yay tətilini doğma kəndimizdə keçirdirdim. Təbii ki, işğaldan sonra hər şey dəyişdi. Yurdumuz viran qaldı. 2004-cü ildə tibb universitetinin müalicə işi profilaktika fakültəsinə qəbul olunmuşam. Təhsil aldığım müddətdə sənədlərimi Almaniya universitetlərinə göndərdim. 2007-ci ilin sonları Almaniyaya gəldim. Öncə dil kursunda almanca öyrənməyə başladım, sonra isə Köln Universitetinin tibb fakültəsinə qəbul olundum. 2015-ci ilin sonunda tibb təhsilimi tamamladım. Əslində Azərbaycanda 3 il təhsil almışdım. Amma Almaniyada sıfırdan başladım. Təhsil dövründə İngiltərənin İmperial Kollecində də araşdırmaçı kimi fəaliyyətimə başladım.
– Adətən, təhsil alandan sonra iş tapmaq bir az çətinlik yaradır. Sizdə necə oldu?
– 2016-cı ildə Köln şəhərində işə başladım. İş tapmağım elə də çətin olmadı. Hələ tələbə olduğum müddətdə professorlarım məni işə dəvət edirdilər. Hətta öz kollektivlərində mənim üçün yer saxlayırdılar. Müəllimimin yanında çalışmağa başladım. Adətən, ürək və ağciyər xəstələri ilə çalışırdıq. Ürək-damar xəstəliklərindən, ürək çatımazlığından əziyyət çəkən, ürək qapaqlarında problem olan pasientləri əməliyyat edirdik. Ağciyər xəstələri ilə çalışırdıq. Əsasən, 80-90 yaşlı xəstələri nəzərdə tuturam. Bəzən daha gənc yəni 60 yaşdan yuxarı xəstələrlə də çalışırdıq.
– Siz gənc deyəndə, düşündüm ki, 30 yaşdan yuxarı xəstələri nəzərdə tutursunuz. Çünki bizim səhiyyədə göstəricilər belədir.
– İstənilən yaşlı onkoloji xəstələrə burada da rast gəlirik. Bəzən ölkəmizdə yanlış anlaşılma olur ki, onkoloji xəstəliklər bizdə daha çoxdur. 2019-cu ildə Bakıda Onkoloji Mərkəzdə olduq. Sizi əmin edirəm ki, Azərbaycandakı onkoloji xəstəliklər üzrə göstəricilər dünya statistikasından geri qalmır.
– Amma onu da etiraf edək ki, bu gün Almaniya tibbin ən çox inkişaf etdiyi ölkələr sırasındadır. Alman səhiyyəsinin üstünlüklərini sadalamağınızı istərdim.
– Əsasən yeniliklər, tədqiqat və araşdırma işləri, texnikanın inkişafının tibdə tədbiqi baxımından bəli, Almaniya səhiyyəsi çox öndədir. Ümidvaram ki, yaxın gələcəkdə Azərbaycanda da eyni inkişaf başlayacaq. Digər tərəfdən müasir tipli xəstəxanalar, qənaətbəxş tibbi sığorta sistemi var. Bu olduqca önəmlidir. Xəstənin taleyini daha tez xilas etmək olur. Bəli, tam qüsursuz sistem yoxdur. İstənilən sahənin üstün və mənfi cəhətləri var.
– Yəqin ki, peşəkar fəaliyyətiniz boyu tibbin möcüzə ilə vəhdəti ilə üzləşmisiniz.
– Bir hadisə yadıma düşdü. 2018-ci ilin qış ayları idi. Qış sərt keçdiyi üçün Reyn çayının səthi buzla örtülmüşdü. Bir neçə uşaq buzun üzərində oynayırdı. Dəqiq xatırlamıram, 6-7 yaşlarda oğlan qırılan buzun altına düşmüşdü. 20 dəqiqədən sonra heç bir həyat əlaməti qalmamışdı. Uşağın cəsədini buzun altından çıxarmaq mümkün olmuşdu. Uzun diskusiyadan sonra qərara gəldik ki, uşağı EKMO cihazına qoşaq. Bu cihaz ağciyər və ürəyin fəaliyyətini öz üzərinə götürür. 2-3 gündən sonra möcüzə baş verdi. Uşaq özünə gəldi. Onu aparatdan ayırdıq. 1 ay sonra həmin uşaq heç nə baş verməmiş kimi evinə qayıtdı. Heç bir xəstəlik əlaməti yox idi. Hətta nevroloji fəsadları da qalmamışdı.
– Doktor, həkimlərimizin forumu haqda da danışmağınızı istərdim.
– Mart ayının 5-də Almaniyadakı azərbaycanlı həkimlər forumu keçirildi. Orada bizə məlumat verildi ki, Almaniyada 1200-ə yaxın azərbaycanlı həkim fəaliyyət göstərir. Mən də öz araşdırma proqramımla çıxış etdim. Görüşüb, fikir mübadiləsi apardıq. Doğrudur, hamı gələ bilməmişdi, amma olduqca faydalı müzakirələr idi. Düşünürəm ki, bu Diaspor Komitəsinin növbəti uğurlu layihəsi sayıla bilər.
– Araşdırma proqramınızı bizə sadə dillə izah edə bilərsinizmi?
– Əlbəttə. Ürək çatışmazlığının son mərhələsində olan xəstələr üçün aktiv myokardial dəstək sisteminin tətbiqindən ibarətdir. Ürək əzələsi kənar cihaz tərəfindən dəstəklənir. Cihazın özəlliyi odur ki, qana təmas etmir. Beləcə qandondurucu preaparatlardan istifadə olunmur. Bu halda risk də minimuma enir. Hazırda layihə üzərində son işləri görürük.
– Bu layihənizlə bağlı ölkəmizdə fəaliyyət göstərən həmkarlarınızla bölüşmək, burada master klassla çıxış etmək fikriniz var?
Ümumiyyətlə, bir müddət sonra ölkəmə qayıdıb, fəaliyyətimə davam etməyi planlaşdırıram. Myokardial dəstək aparatını ilkin sınaqdan keçirəndən sonra təbii ki, ölkəmizdə tədbiqi üçün də əlimdən gələni edəcəm.
Publika.az