Çavuşoğlu Ramullaha gedib
Türkiyənin Xarici İşlər naziri bu gün (çərşənbə axşamı) İordan çayının qərb sahilinin mərkəzindəki Ramullah şəhərinə gəlib. Onun səfəri bir gün davam edəcək.
Anadolu Xəbər Agentliyinin məlumatına görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu səfərinin əvvəlində Fələstin Xarici İşlər Nazirliyinin qərargahında fələstinli həmkarı Riyaz Əl-Maliki ilə görüşüb.
Fələstin Xarici İşlər Nazirliyi Çavuşoğlu və Riyaz Əl-Malikinin görüşdən sonra mətbuat konfransı keçirməsinin planlaşdırıldığını açıqlayıb. Əl-Maliki daha əvvəl Fələstin-Türkiyə münasibətlərinin güclü olduğunu demişdi.
Fələstin Xarici İşlər naziri türkiyəli həmkarının səfərini alqışlayaraq, bu səfərin Fələstin və Türkiyə Nazirlər Komitəsinin ikinci raundunun keçirilməsi və ikitərəfli münasibətlərin möhkəmlənməsinə çalışmaq məqsədilə edildiyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Fələstin və Türkiyə arasında hökumət nazirlik və qurumlarının rəsmilərinin daxil olduğu Birgə Nazirlər Komitəsinə sədrlik edir. Çavuşoğlunun Fələstin Muxtariyyət Təşkilatının prezidenti Mahmud Abbasla görüşü planlaşdırılır.
Həmçinin, sabah (çərşənbə günü) Çavuşoğlunun israilli həmkarı Yair Lapidlə də ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə etmək üçün görüşü planlaşdırılır.
Bundan əvvəl sionist rejimin Kan kanalı Mövlud Çavuşoğlunun yaxın günlərdə işğal altındakı Fələstinə səfəri zamanı heç bir İsrail təhlükəsizlik rəsmisi və ya mühafizəçisi olmadan Məscidül-Əqsaya getmək niyyətinin olduğunu açıqlamışdı.
Xatırladırıq ki, ionist rejimin Prezidenti İshaq Hersoq da ötən mart ayında Türkiyəyə səfər etmişdi və bu, sionist liderin 15 ildə Türkiyəyə ilk səfəri idi. 2010-cu ildə rejimin Göy Mərmərə gəmisinə hücumundan sonra Türkiyə ilə sionist rejim arasında münasibətlər ən aşağı həddə çatıb və Fələstində gərginliyin artması Ankara-Təl-Əviv münasibətlərinə də mənfi təsir edib.
Amma son illər iki tərəf arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsinə baxmayaraq, iqtisadi əlaqələrin həcmində artım tendensiyası müşahidə olunur.