Çin Xarici İşlər Naziri İrana səfər etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü və Xarici İşlər Naziri Vanq Yi şənbə günü İran İslam Respublikasının Ali Liderinin müşaviri Əli Laricani ilə görüşüb.
Bu görüşdə, İran və Çin arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümünü qeyd edərkən, hər iki tərəf əlaqələrin strateji tərəfdaşlığa əsaslanan hərtərəfli inkişafına təkid ediblər
Tərəflər İran İslam Respublikası ilə Çin Xalq Respublikası arasındakı hərtərəfli əməkdaşlıq proqramının hazırlığının başa çatmasından məmnun olduqlarını ifadə etməklə, siyasi, iqtisadi və strateji əlaqələrin makro ölçülərinin necə inkişaf etdiriləcəyini araşdırmaqla yanaşı həmçinin iki ölkə arasında uzunmüddətli və strateji əməkdaşlıqların inkişafı üçün sıx məsləhətləşmələrin aparılmasının zəruriliyini qeyd ediblər.
Laricani bu görüşdə deyib: “İran İslam Respublikası bir telefonla öz mövqelərini dəyişdirən bəzi ölkələr kimi deyil, ölkələrlə münasibətlərinə müstəqil olaraq qərar verir.”
Çin Xarici İşlər Naziri həmçinin İİR-a rəsmi səfəri çərçivəsində prezident Həsən Ruhani və İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zəriflə də görüşüb.