Colani Vaşinqtonla Fələstinlə bağlı danışıqlar aparır

ABŞ Fələstin müqavimət qruplarının Suriyanı tərk etməsini tələb etdikdən sonra HTŞ rejimi iki Fələstin liderini həbs edib. Colinin bu addımı Vaşinqtona və dolayısı ilə İsrailə “xoşməramlı jest” kimi şərh edilib.
Suriya mərkəzli Heyət Təhrir əş-Şam (HTŞ) təşkilatı tərəfindən iki fələstinli liderin həbs edilməsi Suriyadakı Fələstin icmaları arasında dərin narahatlıq yaradarkən, Alman Mətbuat Agentliyinə danışan fələstinli mənbələr həbslərin bir neçə gün əvvəl baş verdiyini bildirib.
İslami Cihadın silahlı qanadı Qüds Briqadaları hadisədən sonra verdiyi açıqlamada həbsləri təsdiqləyib və açıqlamada həbs edilən şəxslərin Qüds Briqadasının Suriya zabiti Xalid Xalid (Əbu əl-Həsən) və təşkilat komitəsinin zabiti Yasir əl-Zəfəri (Əbu Əli) olduğu bildirilib.
Hərəkat Suriyadakı HTŞ rejimini liderləri təcili azad etməyə çağırıb; Dəməşqdəki fələstinli mənbələr həbslərin səbəbinin hələ də aydın olmadığını bildirib. Eyni mənbələr ərəb və Fələstin dairələrinin onların azad edilməsi üçün sıx diplomatik səylər göstərdiyini bildirib.
İslami Cihad-a yaxın mənbə həbslərin təşkilatın Suriyadakı fəaliyyəti ilə bağlı olmadığını və bu fəaliyyətlərin humanitar yardım işi ilə məhdudlaşdığını bildirib.
Bildirilib ki, yardım əməliyyatları Suriyanın son prezidenti Bəşər Əsəd hökuməti dövründə başlayıb və çevriliş günündən sonra da davam edib.
Həbslərin Mahmud Abbasın son Dəməşqə səfəri ilə üst-üstə düşməsi suallar yaradıb. Bundan əlavə , Wall Street Journal Tramp administrasiyasının yeni Suriya siyasəti üzərində işlədiyini bildirib.
Məlumata görə, Vaşinqton Bəşər Əsəd hökumətinə qarşı tətbiq edilən sanksiyaların bir hissəsini yumşaltmağı təklif edib. Lakin bu təklifin müqabilində Dəməşqdən radikal qruplara qarşı sərt tədbirlər görülməsi istənilib. Bundan başqa, Fələstin silahlı dəstələrinin Suriyadan çıxarılması şərti də gündəmə gətirilib.
ABŞ-ın bu şərtləri İsrailin təhlükəsizlik narahatlıqlarını həll etmək strategiyasının bir hissəsi kimi qəbul edilir .
Qüds briqadaları həbslərə sərt reaksiya verib. Hərəkat liderlərinin heç bir əsas olmadan həbs edildiyini iddia edirdi. Bəyanatda Suriyanın hər zaman məzlumlara qucaq açan bir ölkə olduğuna dair inam vurğulanıb və həbslərin Fələstin hərəkatlarını gözdən salmaq məqsədi daşıya biləcəyi irəli sürülüb.
Fələstin liderləri Suriyadakı böhran zamanı xalqla həmrəy olduqlarını xatırladıblar. Xüsusilə aclıq dövründə humanitar yardımın öncülləri olduqları vurğulanıb. Qüds Briqadaları həbs edilən iki şəxsin Fələstin davasına mühüm töhfələr verdiyini bildirib.
Bəyanatda bu liderlər “müqəddəs bir məqsəd üçün çalışan inqilabçılar” olaraq xarakterizə edilərək, ərəb ölkələrindən həmrəylik çağırışı edilib, İsrailin qurulduğu gündən yalnız İsraili hədəfə aldıqları və silahlarının istiqamətini dəyişmədikləri vurğulanıb.
Suriya ərazisindən heç vaxt hücum üçün baza kimi istifadə etmədiklərini iddia edən müqavimət döyüşçüləri, şəhid olan müqavimət döyüşçülərinin Fələstin cəbhələrində hər zaman həyatlarını itirdiklərini vurğulayıblar.
Bu inkişaf Dəməşqdəki yeni administrasiyanın fələstinli qruplara qarşı siyasətində qırılma nöqtəsi kimi şərh edilir, Əl-Əxbar qəzeti isə bu həbsin ilk dəfə olduğuna diqqət çəkir.
İslami Cihad illərdir Suriyada neytral mövqe nümayiş etdirir, nə hökumətin, nə də müxalifətin tərəfindədir. Bu baxımdan o, rejimin devrilməsindən sonra ölkəni tərk edən Fəth əl-İntifada və Fələstin Xalq Cəbhəsi – Ümumi Komandanlıq kimi qruplardan fərqlənir.