COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib, sənəd layihələri müzakirə olunub
Bu gün COP29 Prezidenti tərəfindən çağırılan “Qurultay” iclası keçirilib.
APA-nın xəbərinə görə, iclasda “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfi. Nazirlərin məsləhətləşmələrindən irəli gələn variantlar da daxil olmaqla, sədrliyin qərar layihəsi mətninə keçid kimi xidmət edən təkliflərin sadələşdirilmiş tərtibi”, “Paris Sazişinin 6-cı maddəsinin 2-ci bəndində qeyd olunan əməkdaşlıq yanaşmaları ilə bağlı məsələlər”, “İslasda Uyğunlaşma Fonduna aid məsələlər”, “Uyğunlaşma Fondu Şurasının hesabatı”, “Kiyoto Konvensiyaya xidmət edən cavab tədbirlərinin həyata keçirilməsinin təsirinə dair forumla bağlı məsələlər”, “Yaşıl İqlim Fondunun Tərəflərin Konfransına Hesabatı və Yaşıl İqlim Fonduna rəhbərlik”, “Uyğunlaşma üzrə qlobal məqsədlə bağlı məsələlər”, “Cins və iqlim dəyişikliyi”, “Şarm əl-Şeyxin təsirin azaldılması ambisiyaları və həyata keçirilməsi üzrə iş proqramı” və digər sənədlərin layihələri müzakirə olunub.
COP29 Prezidenti Muxtar Babayev COP29-un sabah başa çatmasının planlaşdırıldığını nəzərə çatdırıb, ötən dövrdə COP29 çərçivəsində aparılan müzakirələr barədə məlumat verib.
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində bəzi çətin məsələlərlə bağlı irəliləyiş əldə edildiyini, artıq təkliflərin sadələşdirilmiş toplusunu hazırladıqlarını söyləyib.
Avstraliya, Yaponiya, Malta, Honduras, Pakistan, Zambiya, Yeni Zelandiya, Boliviya nümayəndələri sənədlərlə bağlı mövqelərini açıqlayıb, COP29-un iqlim fəaliyyətinin bütün sahələrində aydın siqnallar göndərməli olduğunu vurğulayıb, iqlim maliyyəsinin əhəmiyyətinə diqqət çəkiblər. Eyni zamanda bundan öncə keçirilən COP-larda qəbul edilən sənədlərdəki çatışmazlıqlardan söz açılıb, COP29-da qəbul ediləcək qərarlar nəticəsində inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrin üzləşdikləri iqlimlə əlaqədar problemlərin həlli üçün iqlim maliyyəsi ayıracaqlarına inam ifadə olunub, müzakirəyə çıxarılan sənədlərlə bağlı təkliflər irəli sürülüb.
Dövlət Katibi və Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan sənədlərdə müəyyən edilmiş milli töhfələrdən razı qalmadıqlarını bildirib, sənədlərin Avropa İttifaqının narahatlıqlarını əhatə etməsini zəruri sayıb.
Tədbir müzakirələrlə davam edib.