CPJ: Azərbaycan hakimiyyəti Kanal-13 jurnalistlərini azad etməli, tənqidi mediaya qarşı repressiyalara son qoymalıdır

CPJ: Azərbaycan hakimiyyəti Kanal-13 jurnalistlərini azad etməli, tənqidi mediaya qarşı repressiyalara son qoymalıdır

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 8-də açıqladığı məlumatda bildirib ki, Azərbaycan hakimiyyəti Kanal-13 jurnalistləri Əziz Orucov və Şamo Eminovu azad etməli, onların YouTube kanalını açmalı və tənqidi mediaya qarşı repressiyalara son qoymalıdır.

JMK-nin məlumatında deyilir ki, tanış olduğu məhkəmə sənədlərinə əsasən, prokurorluq Orucovu, Eminovu və digər “müəyyən edilməmiş şəxsləri” 2022-2023-cü illərdə “çoxsaylı əməliyyatlar” vasitəsilə xarici donor təşkilatlarından 90 000 manat (52 940 dollar) nağd vəsaiti Azərbaycana gətirməkdə ittiham edib.

Jurnalistlər ittihamı təkzib ediblər, bu barədə JMK-yə Əziz Orucovun qardaşı, Kanal-13-ün həmtəsisçisi, Almaniyada siyasi mühacir olaraq yaşayan Anar Orucov bildirib.

Onun sözlərinə görə, Orucova və Eminova qarşı ittihamlar “hakimiyyətin Kanal-13-ün tənqidi reportajlarını susdurmaq cəhdidir”.

Dekabrın 11-də Azərbaycanda məhkəmə dövlət məmurları və digər şəxslər haqqında “yalan”, “təhqir”, “böhtan” xarakterli məlumatlar yayması ilə əlaqəar Kanal-13-ün bağlanması haqqında qərar verib.

“Azərbaycanda jurnalistlərin həbsi dalğasının davam etməsi fonunda Kanal-13 jurnalistlərinin son həbsləri və onlara qarşı irəli sürülən ittihamlar hakimiyyətin fevralda keçiriləcək prezident seçkiləri ərəfəsində tənqidi səsləri susdurmağı nə qədər çox istədiyini göstərir”, deyə JMK-nın Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Gülnoza Said bildirib.

Orucov və Eminov son həftələrdə xarici donor təşkilatlarından əldə etdikləri pul vəsaitinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ittihamı ilə həbs edilmiş yeddi jurnalist və KİV iştirakçısı arasındadır.

Təşkilat vəziyyəti şərh etmək xahişi ilə Azərbaycan Daxili İşlər Nazirliyinə elektron məktub göndərib, lakin məktubuna cavab almayıb.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13”ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + 9 =