DİN-dən Aqil Babayevin ailəsinin iddialarına münasibət

DİN-dən Aqil Babayevin ailəsinin iddialarına münasibət

Məlum olduğu kimi, ötən gün Daxili İşlər Nazirliyi özünü 12-ci İmam Mehdi kimi təqdim edib insanlara qarşı külli-miqdarda dələduzluq edən Babayev Aqil Zalış oğlunun həbs edilməsi ilə bağlı məlumat yayıb. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir. 

A.Babayevin ailəsi isə səslənən ittihamlarla razılaşmır. Dünən Sərdar Babayev saytımıza açıqlamasında qardaşının özünün soyğunçuluğa məruz qaldığını, evindən 9 milyon manat pul və qızıl zinət əşyalarının götürüldüyünü bildirmişdi.

Ötən gün isə A. Babayevin bacısı Mətanət Babayeva Meydan TV-yə açıqlamasında qardaşının iyunun 7-də bir qrup şəxs tərəfindən girov götürüldüyünü və 9 milyon manatlıq soyğunçuluğun bu zaman baş verdiyini deyib. Onun sözlərinə görə, soyğunçuluq faktı üzrə 102 qaynar telefon xəttinə və yuxarı instansiyalara şikayət etsələr də, bu günədək nə hadisə yerindən əl izləri götürülüb, nə də hadisə şahidi olaraq həyat yoldaşı dindirilib. 

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya bildirib ki, A. Babayev və yaxınlarının səsləndirdiyi fikirlər tam əsassızdır: “Bu fikirlər istintaqın gedişinə maneə və istintaq aparan əməkdaşlara təzyiq kimi qiymətləndirilir. A. Babayev konkret şəxslərə qarşı dələduzluq əməli etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb, həbs qətimkan tədbiri seçilib. A. Babayev və yaxınlarının iddiaları araşdırılıb və heç biri öz təsdiqini tapmayıb. O, zərərçəkənlərə dələduzluq yolu ilə külli miqdarda ziyan vurub”.

Xatırladaq ki, Sərdar Babayev eyni zamanda qardaşı A.Babayevin “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqovun şəriki olduğunu bildirmiş, oğurluq hadisəsini də məhz onun adı ilə bağlamışdı.

Qeyd edək ki, ötən gün DİN Aqil Babayevin həbsi ilə bağlı rəsmi məlumat yayıb. Ona qarşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =