Dost

Tək Allahın adı ilə

…nə də mehriban və səmimi bir dostumuz var.
Müqəddəs səmavi kitabımız Qurani-kərimdə “Şüəra” adlı bir surə var, digər surələr kimi olduqca zəngin və məna doludu. Bu surəni dəfələrlə oxumağıma rəğmən, hazırda məni düşündürən məqama nədənsə əvvəllər rast gəlməmişəm. Surənin bir yerində cəhənnəm əhlindən, daha doğrusu cəhənnəmə düşənlərdən danışılır; əməllərinin nəticəsində ora düşüblər; cinayət işləyib zindana düşən insanlar kimi. Kimsə onlara zülüm etməyib, onlar da bunu yaxşı bilir. Yalnız, yenə də ümidlidirlər, oradan çıxmaq üçün yol axtarırlar. Maraqlısı budur ki, həmin şəxslər cəhənnəmdən qurtulmaq üçün iki çıxış yolu dilə gətirirlər, amma heç birinə sahib olmadıqları üçün təəssüf edirlər; biri şəfaətçi və digəri isə “DOST”. Mənim də dərdim budur, dost!
Ayəyə bir də göz ataq; Cəhənnəmdəkilər deyirlər: “… nə də mehriban və səmimi bir dostumuz var” Şüəra-101.
Əslində dost barədə çox yazmaq olar, çox danışmaq olar, necə ki, yazılıb da, danışılıb da. Mənim məqsədim isə dostun bir də axirətdəki əhəmiyyətini qabartmaqdır. Hansı ki, yuxarıdakı ayədə bu aydın qeyd edilib. Ayədən belə başa düşülür ki, insanın yaxşı dostu olsa, onu cəhənnəmdən xilas edə bilər. Əlbəttə, tez ilkin fərziyyə işə düşür və deyir ki, dost dosta tən gərək, tən olmasa gen gərək! Təbii ki, iki dostdan birinin tam mənada yaxşı və digərinin tam mənada pis olması bir az həqiqətdən kənar gözə dəyir. Ən azından deyə bilərik ki, bu iki dost müəyyən yaxşı və ya pis işlərdə uzlaşırlar.
Əlavə olaraq, ayədən də bu başa düşülür: ya cəhənnəmdəkilər o qədər pis insanlardır ki, yaxşı dostları yoxdur, ya da yaxşı dostları olan cəhənnəmlilər ən qısa müddətdə ordan çıxarılıblar. Çünki, ayədəki şəxslər yaxşı dostlarının olmamasından şikayətlənir, təəssüf hissi keçirirlər, olsaydı onları köməyə çağırardılar.
Məsələnin aydın olması üçün bir də bu hədisə nəzər salın:
Peyğəmbərimiz (s) buyurur: Allah bir bəndənin xeyrini istəsə, ona ləyaqətli dost nəsib edər.
Baxın, xoşbəxtliklə gözəl dost arasında nə qədər yaxınlıq var!
Deməli, yaxşı dost cənnətə gedir və məlum olur ki, dünyadakı dostu orada yoxdur. Təbii ki, bu vəziyyət onu sıxacaq, narahat edəcək və təəssüflənəcək. Sizcə, Allah bunu belə qoyarmı? Bildiyimiz kimi cənnətdə xoşagəlməz heç nə yoxdur. Allah da bu vəziyyəti belə qoymaz və mələklərə əmr edər ki, həmin şəxsin dostunu sözün əsl mənasında cəhənnəmdə də olsa, tapıb ona gətirsinlər.
Bəs cəhənnəm nədir? Cəhənnəm pis insanın dünyada əkdiklərinin bəhrəsidir, bütün mənfi həyat fəaliyyətinin o dünyada real təzahürüdür. Yaxşı, səmimi dostun insanı cəhənnəmdən xilas etməsini bir də başqa cür başa düşmək olar: o da, yaxşı dostun bu dünyada pis işlərə sipər olub, insanı yekun nəticəsi cəhənnəm olan fəaliyyətlərdən, rəftar və davranışlardan saxlamasıdır. Məncə bu təfsir də həqiqətdən kənar deyil.
Hansı sahədə olmasından asılı olmayaraq, insan müəyyən zirvələri fəth etməyə bilər: mümkündür ki, ibadətdə geri qalsın, təhsili zəif olsun, imanında nöqsanlar gözə dəysin və s. Amma səmimi, həqiqi, mükəmməl və digər müsbət keyfiyyətlərə malik olan dost insan üçün ikinci bir şans kimidir. Dostun vasitəsilə, bacarmadığını bacara, bilmədiyini bilə, yaşamadığı yaşaya… bilər.
Əsl dost misilsiz xəzinədir: xoşbəxtliyi artırar, dərd-qəmi azaldar (Uilyam Şekspir: İngilis dramaturqu və şairi).
Dost, bu qədər əhəmiyyətlidir. Hələ dostun kimliyi məsələsinə toxunmaqdan yan keçirik. Çünki dostluq meyarları insanların səliqəsinə, baxışına, istəyinə görə dəyişir.
İllərdir məni düşündürən bir məqam var. Görünür onu da dilə gətirməli olacam. Ümumiyyətlə, varlıq aləmində Allahdan başqa hər şey naqisdir, möhtacdır, zavallıdır, yarımçıqdır və bütövləşməyə, birləşməyə, kamilləşməyə ehtiyac duyur.
Ataların bir sözü var: Tək əldən səs çıxmaz!
İki nəfər bir nəfərdən sözsüz ki, çoxdur, tamdır. Odur ki, həyatın hər bir sahəsində insan tərəf müqabilinə, həmkara, ortağa, kiminsə dəstəyinə ehtiyac duyulur. Zənnimcə, bir şəxs məsələn, təkbaşına idmanla məşğuldursa, gözlənilən qədər müvəffəq olmayacaq. Amma həmin çalışmanı iki nəfər qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirərsə, ən azı ikisindən biri müvəffəq olacaq. Digəri də ondan geri qalsa belə, müyyən həddə irəliləyəcəkdir. Bir sözlə, hər bir sahədə ən azı bir “dost”un olmalıdır. Hər halda, axirətdə özümüzü oddan xilas edəcək bir imtiyaza, dünyada isə bizi pislikdən çəkindirəcək iradəyə sahib deyiliksə, ən azından yaxşı dostumuzun olması üçün əlimizdən gələni etməliyik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − 5 =