Dövlət başçısı Aİ rəsmilərini casusluqda ittiham etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro milli televiziyaya müsahibəsində noyabrın 21-də keçirilən yerli seçkiləri izləmək üçün Venesuelaya səfər edən Avropa İttifaqı müşahidəçilərinin casusluq niyyətində olduqlarını bildirib.
Venesuela prezidenti deyib: “Aİ-nin casus heyəti (Venesuela) seçki sistemini pisləmək üçün heç bir səbəb tapmadı… Onlar beynəlxalq müşahidəçilər deyil, casus heyəti idi.”
Nikolas Maduro həmçinin Avropa İttifaqı müşahidəçiləri haqqında deyib: “Onlar ölkənin hər yerində sərbəst şəkildə gəzir, sosial, iqtisadi və siyasi məsələlər barədə casusluq edirdilər.”
Venesuela prezidentinin sözlərinə görə, Aİ müşahidəçiləri Venesuelaya düşmən kimi gəlib və ölkənin qüsursuz və demokratik seçki prosesini ləkələməyə çalışıblar, lakin buna nail ola bilməyiblər.
Qeyd edək ki, noyabrın 21-də Venesuelada regional və bələdiyyə seçkiləri keçirilib, bu seçkilərdə vətəndaşlar yerli icra başçılarını və əyalət məclislərinin üzvlərini seçiblər.