Elxan Şükürlü: HƏMAS öz torpaqlarını və müqəddəs dəyərlərini qoruyur
Dünyanın ən yaxşı silahlarına və hərbi texnikasına sahib İsrail dövləti, Qəzzəni aramsız raket yağışına tutsa da, yaşayış binalarını, HƏMAS-ın iradəsini sındıra, onu təslim edə və qəzzəliləri yurdlarından köçürə bilmir!
Azərbaycanda Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü bu barədə öf feysbuk məqaləsində bildirib.
Partiya funksioneri yazır: “HƏMAS-ın bu dirənişi fonunda İsrail ordusunun quru əməliyyatlarını ardıcıl olaraq təxirə salması, qələbə üçün vəd olunan müddətin uzanması və İsrail hərbçiləri arasında itkilərin sayının getdikcə artması psixoloji gərginliyi ifrat radikal Netanyahu hökumətinin öz daxilinə daşımaqla, həm onları qəzəbləndirərək ardıcıl səhv addımlara sürükləyir, həm də bütün dünya boyu İsrail əleyhinə etirazları körükləyir.
Demək olar, İslam dünyasının lideri olmağa iddialı elə bir müsəlman ölkəsi yoxdur ki, orada fələstinlilərin müdafiəsinə və İsrailin əleyhinə kütləvi etiraz aksiyaları keçirilməsin, beynəlxalq birlikdən və hökumətlərdən Netanyahu hökumətinə qarşı daha sərt addımların atılması tələb edilməsin, cihad çağırışları səslənməsin.
Hətta Ukraynanın ərazi bütövlüyünü qorumaq şüarı altında Rusiyaya qarşı geniş koalisiya yaratmış “demokratiya örpəkli” Qərb dünyasında belə, İsrailin BMT qətnamələrini nümayişkaranə şəkildə ayaq altına atmasına, Fələstin ərazilərinin işğalını zor gücünə rəsmiləşdirmək cəhdlərinə və bu məqsədlə də mülki əhalini qırmasına dözümlü və fərqli yanaşmanın onları ifşa və rüsvay etdiyi düşüncəsində olanların sayını durmadan artırır, hökumətlərə əlavə təzyiq dalğası yaradır”.
Elxan Şükürlü qeyd edir ki, İslam ölkələrinin bir çoxunda ABŞ-İsrail tandeminin birgə addımları, xüsusilə də mülki əhalinin bombardman edilməsinin dayandırılmaması “Fələstin torpaqlarında müsəlmanlara qarşı səlibçilərlə sionistlərin yeni ittifaqı” kimi yozularaq, HƏMAS-a rəğbəti və ictimai dəstəyi getdikcə gücləndirir.
Ədalət Partiyası yetkilisinin fikrincə, hal-hazırda HƏMAS Fələstin xalqının İsrail işğalına qarşı müqavimətinin əsas sütunundan biri sayılır və bu hərəkat Aralıq dənizi sahillərində öz evini və müqəddəs dəyərlərini qorumaq üçün ölümü son çarə bilir.