Epşteyn intihar edib, ya öldürülüb? – Ölüm gecəsinin videolarında boşluq aşkarlandı

Epşteynin öldüyü gecə həbsxananın müşahidə kameraları tərəfindən qeydə alınan tam videogörüntülər var.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Daily Mail” nəşri istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən yazıb.
Nəşrin bildirdiyinə görə, iyulun 7-də ABŞ Ədliyyə Nazirliyi maliyyəçinin öldüyü gecədən 11 saatlıq videoqeyd yayımlayıb ki, görüntülərdə onun kamerasının kənarındakı dəhliz əks olunub. Bu, Epşteynin həyatına sui-qəsd cəhdinin olmadığını sübut etməli idi. Lakin yayılan videogörüntülərdə birdəqiqəlik boşluq aşkar edilib ki, bu da məlumatların gizlədilməsi ilə bağlı çox sayda mübahisələrin və fərziyyələrin yaranmasına səbəb olub. İyulun 8-də ABŞ-nin baş prokuroru Pem Bondi videolentdəki çatışmayan fraqmentlə bağlı dindirilib. Onun sözlərinə görə, ABŞ Federal Həbsxanalar Bürosu ona bildirib ki, təqdim edilən videoqeydlərdə bir dəqiqənin yoxa çıxması videokamera plyonkasının dəyişdirilməsi ilə əlaqədar olub.
“Daily Mail”in qeyd etdiyi kimi, əgər FTB-də tam görüntülər var idisə, niyə dərhal dərc edilmədiyi də məlum deyil.
Xatırladaq ki, maliyyəçi Cefri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq bəyan edib ki, onun 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olmaqla, onlarla azyaşlı qızın Manhettendəki evinə səfərlər təşkil etdiyinə dair sübutlar var. Epşteynin dostları və tanışları çevrəsində təkcə ABŞ-nin deyil, həmçinin bir çox başqa ölkələrin indiki və təqaüdə çıxmış çox sayda vəzifəli şəxsi (o cümlədən keçmiş dövlət başçıları), iri sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp və komandasının üzvləri keçən il seçki kampaniyası çərçivəsində dəfələrlə Epşteynin işi üzrə istintaq sənədlərini məxfilikdən çıxaracaqlarına və bu məsələdə maksimum dərəcədə şəffaflığı təmin edəcəklərinə söz vermişdilər. Tramp, Bondi və ABŞ Administrasiyasının digər rəsmilərinin açıqlamaları ölkənin hazırkı prezidentinin tərəfdarlarının əhəmiyyətli bir hissəsi arasında qəzəb fırtınası doğurub. Bu seçicilər Epşteynin işi ilə bağlı məlumatların tam şəkildə dərc olunmasını tələb edirlər.