Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən etirazlar

Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən etirazlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi ifadələr, xüsusən də Azərbaycan üçün önəmli tarixi şəxsiyyət olan Şah İsmayıl Xətaiyə yönəlik fikirləri geniş rezonansa səbəb olub. Ərdoğan çıxışında Osmanlı imperiyasının qarşılaşdığı təhdidlərdən danışarkən, Şah İsmayılın da bu təhdidlər sırasında yer aldığını bildirib və belə deyib:

“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik. Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir”, – deyə Ərdoğan vurğulayıb.

Bu fikirlər, xüsusilə Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Çünki Şah İsmayıl təkcə siyasi lider yox, həm də Azərbaycan tarixində milli birliyin, dövlətçiliyin və ədəbi-mənəvi irsin simvolu sayılır. Ərdoğanın böyük türk lideri Əmir Teymur barədə dedikləri də, xüsusən ərəb – kürd konteksində, tənqidə dözümlü deyil.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” ifadəsi Türkiyə-Azərbaycan münasibətlərində zərərli fikir ayrılıqları yarada bilər. Bu sözlər Azərbaycan və Türkiyə ictimaiyyəti arasında ideoloji uçurumu dərinləşdirir.”

Nərimanlıya görə, əslində Şah İsmayıl irsi Yaxın Şərqdə və bütövlükdə türk dünyasında birlik və təsir vasitəsi kimi istifadə oluna bilərdi. Ancaq onu təhdid kimi təqdim etmək təkcə tarixi deyil, strateji səhv də ola bilər.

Şərq qəzetinin baş redaktoru, tanınmış jurnalist və tarixçi – alim Akif Aşırlı isə məsələyə daha emosional və ictimai baxış bucağından yanaşaraq yazır:

“Turan ideyasını gerçəkləşdirmək istəyən bir liderin belə çıxışlar etməsi anlaşılmazdır. Əgər ‘Çaldıran savaşı’ bir türk dövlətinə – Səfəvilərə qarşı ərəb, kürd və türk birliyinin qələbəsi kimi təqdim olunursa, bu, həm tarixi təhrifdir, həm də qəlbləri incidir.”

Aşırlının fikrincə, Şah İsmayıl, Əmir Teymur, Yıldırım Bəyazid və Sultan Səlim türk tarixinin ortaq simalarıdır və bu simalara bölücü yanaşma sərgiləmək qardaşlıq ruhuna zərbə vurur:

“Bu tarix bizim ortaq taleyimizdir – uğuru da, faciəsi də. Ərdoğanı bu şəkildə danışmağa vadar edən məsləhətçilər kimlərdir? Onlar bu fikirlərin Azərbaycandakı təsirindən xəbərdardırmı?”

Türkiyənin sabiq mədəniyyət naziri, ATA Partiyasının lideri, kökəncə Azərbaycan türkü olan Namık Kemal Zeybek Prezident Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl Xətai və Çaldıran savaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, sosial mediada geniş yayılan və müzakirələrə səbəb olan çıxışında Ərdoğanın bu ifadələrinin həm tarixi gerçəklərlə ziddiyyət təşkil etdiyini, həm də milyonlarla insanı ruhən incitdiyini vurğulayıb.

“Teymur da, Şah İsmayıl da Türk Kağanlarıdır. Hər ikisi Yıldırım və Yavuzdan daha Türkdürlər. Onlar arasında baş verən münaqişələr türklər arasında qardaş savaşları idi və buna bu şəkildə yanaşmaq lazımdır. Timur Türkistan türklərinin iftixarıdır. Ona qarşı istifadə edilən ifadələr Türküstanlı türkləri dərin şəkildə yaralayır. Şah İsmayıl isə Azərbaycan və İran türklərinin başbuğudur. Ona yönəlik hər cür tənqid və ittiham milyonlarla türkü incidir.”

Müsavat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =