Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Prezident Administrasiyası “X” hesabında məlumat yayıb.
Tərəflər Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, Suriyadakı son hadisələr, qlobal və regional məsələləri müzakirə edib.
Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyi bir vaxtda, Suriyada ədalətli və qalıcı həll üçün səy göstərdiyini, bölgədə diplomatiyaya daha çox yer ayrılmasının vacib olduğunu, Suriya hökümətinin münaqişənin həlli ilə məşğul olmasının zəruriliyini qeyd edib.
Türkiyə lideri Suriyadakı son hadisələr kontekstində ən mühüm məsələnin mülki əhalinin zərər görməməsi olduğunu deyib, Türkiyənin Suriyada əmin-amanlığın təmin edilməsi üçün əlindən gələni etdiyini vurğulayıb.
Dövlət başçısı, Türkiyənin Suriyadakı son hadisələrdən faydalanmağa çalışan PKK terror təşkilatı və onun himayə etdiyi təşkilatlarla mübarizədə qətiyyətli mövqeyini davam etdirəcəyini bildirib.