Ermənistanda anti-sülh mitinqləri: Paşinyanı indi nə gözləyir?-Video

Ermənistanda anti-sülh mitinqləri: Paşinyanı indi nə gözləyir?-Video

Hökumətin Azərbaycan və Türkiyə ilə bağlı siyasət planını bəyənməyən erməni müxalif liderlər İşxan Saqatelyan və Artur Vanetsyanın rəhbərliyi ilə keçirilən itaətsizlik aksiyaları davam edir. Vəziyyətlə bağlı həm Şimaldan, həm də Qərbdən narahatlılıq ifadə olundu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksey Zaytsev yerli mətbuata bildirib ki, Rusiya Ermənistanın sabit, təhlükəsiz və dinc şəkildə inkişafında maraqlıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə Ermənistan hökumətini təmkinli olmağa, yürüş iştirakçılarını isə öz fikirlərini sülh yolu ilə bildirməyə və zorakılıqdan çəkinməyə çağırıb. Maraqlıdır ki, Paşinyan və onun hökuməti keçirilən aksiyalarla bağlı müxalifətə qarşı ciddi mövqe sərgiləmirlər. Üstəlik, bir çox siyasi ekspertlər və media öz analizlərində aksiyaların boş səs-küydən başqa bir şey olmadığını qeyd edirlər. Yerli analitik dərgi “armenianreport” Paşinyan hökuməti ilə Köçəryan-Sarkisyan itidarının müqayisəsini aparıb. Qeyd olunub ki, “öz camaatını zirehli texnika ilə əzməyə çalışanlar indi dırnaqarası “polisin özbaşınalığına” görə qışqırırlar.

“İndi hakimiyyətdə Köçəryan və ya Sarkisyan olsaydı, vətəndaş itaətsizliyi aksiyalarının elə ilk günündə polis gözyaşardıcı qazın və xüsusi təlim keçmiş itlərin köməyi ilə aksiyaları dağıdardı. Köçəryanın və Sarkisyanın qəddarlığı, hakimiyyətdən yapışması və onun naminə öz soydaşlarının meyitləri üzərində gəzməyə hazır olmaları Ermənistanda heç kimə sirr deyil. İndi isə itaətsizlik aksiyalarının dağıdılması zamanı heç kimin ölmə­məsi sizin yox, Paşinyanın xidmətidir. O nə qədər “kapitulyator” olsa da, mənasızcasına erməni xalqının qanını tökmür”.

Yazıda 2015-ci il 23 iyun, 2008-ci ilin mart, 2016-cı il 30 iyul aksiyaları da xatırladılaraq dinc aksiyalarda minlərlə vətəndaşın hakimiyyət təzyiqlərinə məruz qaldığı, onlarla vətəndaşın öldürüldüyü və yaralandığı da qeyd olunub.

Həmçinin yerli mediada Gümrüdəki aksiyalarda yaşlı Paşinyan tərəfdarının döyülməsi görüntüləri yayılmaqdadır. Sosial şəbəkədə yayılan görüntülərdə bildirilib ki, müxalifətin təşkil etdiyi avtoyürüş iştirakçıları yaşlı Gümrü sakinlərinə hücum ediblər. Çox güman ki, səbəb fərqli siyasi baxışlar olub.

Bu günlərdə mətbuata müsahibə verən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanı və eks prezidentlər Robert Köçəryanla Serj Sarkisyanı mövcud daxili siyasi böhrandan çıxış yolu tapmaq üçün bir araya gəlməyə çağırıb. O qeyd edib ki, ölkədə siyasi böhran dərinləşir və mövcud daxili siyasi qarşıdurma Ermənistanın gələcək ağır danışıqlarda mövqeyini daha da zəiflədir.

“Əslində, təslim olan Paşinyan deyil, Ermənistandır. Nikol Paşinyan sadəcə Ermənistan adından kapitulyasiya bəyanatını imzalayıb. Odur ki, Paşinyanın yerində kim olursa olsun – istər Robert Köçəryan, ya Serj Sarkisyan, ya da bu günlərdə Paşinaynın istefası tələbi ilə keçirilən etiraz aksiyalarının təşkilatçılarından biri İşxan Sağqatelyan, – Ermənistanın boynuna qoyulan istənilən qərarı itaətlə qəbul edərdi”.

Bir qrup erməni ziyalı isə Paşinyanı sülh anlaşmasını uzatmaqda günahlandırıblar. Yerli mətbuata açıqlama verən ziyalılar qeyd ediblər ki, Baş nazirin elan elədiyi “sülh erası” siyasi-diplomatik fənddir və vaxtı uzatmağa hesablanıb.

“Sülh anlaşmasını uzatmaqla Ermənistan özünə daha dərin quyu qazmaqdadır. Paşinyan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməli və vədinə əməl etməlidir! Baş nazir Nikol Paşinyan üçün götürdüyü yazılı öhdəliklərdən yayınmaq, deyəsən, ənənə halı almaqdadır. Onun kapitulyasiya aktından az sonra elan elədiyi “sülh erası” isə görünür ki, vaxtı uzatmağa hesablanmış siyasi-diplomatik fənddir. Belə görünür ki, bu vəziyyət Moskvanın da işinə yarayır. Rusiyaya bağlı radikal-revanşist qüvvələrin İrəvanda səngiməyən antisülh aksiyaları və isterikası həm də bundan xəbər verir”.

İşxan Saqatelyan isə bu gün keçirilən mitinqdə Baş nazirin Niderlandda olduğunu, səfərin bir neçə gün davam edəcəyini bildirib. O qeyd edib ki, bundan istifadə edərək hakimiyyəti ələ keçirməyin vaxtı çatıb.

Siyasi şərhçi Zaur Məmmədov düşünür ki, Ermənistanda davam edən proseslər Azərbaycanla danışıqlara da pis təsir edəcək: “Əlbəttə ki, ermənilərin qorxaqlığı, erməni vətəndaşlarının Qarabağa görə Azərbaycanla döyüşmək istəməməkləri, eyni zamanda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında olan ideyalarla bağlı bir-birinə qarşı psixoloji soyuqluq və hətta nifrəti qeyd edərdim. Hər bir halda bizim qarşı tərəfimizdir və Azərbaycan üçün fərqi yoxdur. Orada Petrosyandır, İvanyandır, Sarkisyandır, Paşinyandır və s. biz qəti şəkildə öz mövqeyimizlə axıra kimi gedəcəyik. Bu ondan ibarətdir ki, üçtərəfli bəyanatın müddüəları yerinə yetirilsin, əgər diplomatlar bunu yerinə yetirməsə, o zaman generallar, ordu bunu yerinə yetirəcək”.

Siyasi şərhçi 10 noyabr bəyanatını imzalayan digər tərəflərin də bu məsələyə ciddi baxmalı olduğunu və əks təqdirdə Azərbaycanın xarici siyasətilə bağlı yeni fəlsəfi baxışlarını ortaya qoyacağını bildirib. Regionda Türkiyə faktorunun rolunu da vurğulayan Zaur Məmmədov bildirib ki, Azərbaycan və Türkiyə arasında dərin hərbi əməkdaşlıq mövcuddur və Cənubi Qafqazı öz əsarətinə salmaq istəyən xarici güclər bu fikirlərində yanılırlar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =