Fələstinli əsir anasına təsirli məktub göndərdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, altı fələstinli əsirin yüksək təhlükəsizliyə malik Gilboa həbsxanasından qaçış planının təşkilatçısı fələstinli əsir Mahmud Əl-Arizə vəkili vasitəsilə anasına məktub göndərib.
“Arabi 21” xəbər saytının verdiyi məlumata görə, bu əsirlərin vəkalətini öhdəsinə götürən Fələstinli Əsirlər və Azad olmuşlar Birliyinin vəkili Xalid Rəslan Muhacənə bu məktubu mətbuatda yayımlayıb. Məktub sadə olsa da, əsirlərin uzun müddət məruz qaldığı məhrumiyyətləri, həbsxanadan qaçdıqdan sonra əsirlərin vəziyyətini, yemək tapmaq uğrunda səylərini və çətinliklərini özündə əks etdirir:
“Salam. Ana, bu dünyadan getməzdən əvvəl gəlib səni qucaqlamağa çalışdım, amma Allah bizim üçün başqa bir tale yazdı. Sən mənim ürəyimdəsən. Sənə müjdə verim ki, (bu bir neçə günlük azadlıq günlərində) əncir, kaktus meyvəsi və nar yemişəm. Əl-məruf (bir növ səhra bitkisi), kəklikotu da yemişəm. 25 illik məhrumiyyətdən sonra quava yedim. Cibimdə sənə hədiyyə olaraq bir qutu balım da var idi.”
“Əziz bacılarım Basimə, Rəbiy, Xitam və Saidəyə və bütün qardaşlarıma salamlar. Onlarla görüşmək üçün çox həvəsliyəm. Azadlığı nəfəs aldım və dünyanın dəyişdiyini gördüm. Mən “Ərrabə” düzünün Bisan və ən-Nasirə düzlərinin yalnız kiçik bir hissəsi olduğunu bildiyim halda, saatlarla Fələstin dağlarına qalxdım və geniş səhralardan keçdim.”
“Bütün ailəmə və dostlarıma salamlar. Corablarını geyinərək dağları aşdığım bacı qızı Asinata salamlar. Salam olsun Abdullaha, Hüdeylə, Yusifə, Rədadın həyat yoldaşına və bütün ailə üzvlərinə, Saraya, Rəhfə, Qadəyə, Məhəmmədə və hamıya … Çox həvəslə görüşmək istədiyim Hudaya xüsusi salamlar. Bütün hekayələrimi və macəralarımı ona göndərəcəyəm.”
Qeyd edək ki, sentyabrın 6-da altı fələstinli əsir işğal olunmuş Fələstinin şimalında yerləşən Gilboa həbsxanasında tunel qazaraq oradan qaçmağa müvəffəq oldular. Sionist rejimi ilk saatlardan etibarən yüzlərlə qüvvə ilə bu əsirləri axtarmağa başladı, amma indiyə qədər onlardan dördünü həbs edə bilib.