Finlandiya prezidenti: Fələstini gec-tez tanıyacağıq

Finlandiya prezidenti: Fələstini gec-tez tanıyacağıq

Finlandiya prezidenti Alexander Stubb ölkəsinin Fələstini gec-tez tanıyacağını açıqlayıb. Bu addımın Yaxın Şərq sülh prosesinin bir hissəsi kimi atılacağını vurğulayan Stubb, zamanın bölgədəki inkişaflardan asılı olacağını bildirib.

Finlandiya prezidenti Alexander Stubb Helsinkinin gələcəkdə Fələstini sülh prosesinin bir hissəsi kimi tanıyacağını açıqlayıb.

Stubb dünənki mətbuat konfransında “Finlandiya müəyyən mərhələdə Fələstini sülh həllinin bir hissəsi kimi tanıyacaq” dedi.

Bu addımın zamanının Yaxın Şərqdəki proseslərdən asılı olduğunu vurğulayan Stubb Finlandiyanın “nə İsrailin, nə də Fələstinin tərəfində” olduğunu xüsusi qeyd edib.

“Bu məsələ uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həllini necə tapmaq və iki dövlət modelini ən yaxşı şəkildə necə dəstəkləmək barədədir”, – prezident əlavə edib.

Bu ilin mayında Norveç, İrlandiya və İspaniya hökumətləri Fələstini müstəqil dövlət kimi tanıdıqlarını bəyan ediblər. Norveç hökuməti bəyan edib ki, bu qərar onların “Yaxın Şərqdəki münaqişənin daimi həllinə yalnız iki dövlət modeli ilə nail olmaq olar” mövqeyini gücləndirir.

Bu hadisələrdən sonra İsrail Fələstin dövlətinin tanınmasına cavab olaraq İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstinin beynəlxalq təşkilata üzv olmaq hüququnu tanıyan və Təhlükəsizlik Şurasını məsələyə müsbət baxmağa çağıran qətnaməni təsdiqləmişdi. Sözügedən qərar 193 üzv dövlətdən 143-ü dəstəklədiyi halda, 9 ölkə əleyhinə səs verib, 25 ölkə isə bitərəf qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − eleven =