Fransa ölkədəki 21 məscidi bağlayıb
Fransanın daxili işlər naziri bildirib ki, son dövrlər ərzində bu ölkədə ən azı 21 məscid bağlanıb.
Fransa daxili işlər naziri Cerald Darmanan LCI ilə müsahibəsində deyib: “Bu yaxınlarda 99 məsciddə aparılan yoxlamada 21 məscidin içərisində ekstremizm əlamətləri aşkar edilib.”
Fransa rəsmisi yaxın günlərdə daha 6 məscidin bağlanacağını və bu aksiyanın ekstremizmlə mübarizə qanununa uyğun olaraq həyata keçiriləcəyini bildirib. Məscidlərin bağlanması qərarı Fransa hökumətinin İslam mərkəzlərinin bağlanması ilə bağlı verdiyi bir neçə qərardan biridir. Paris bunu ekstremizmə qarşı mübarizə, zorakılıq və terrorizmi qızışdırmaq bəhanəsi ilə edir.
Darmananın sözlərinə görə, Fransa tarixində ilk dəfədir ki, bu qədər məscid bağlanır. Digər tərəfdən, Fransada İslamofobiyanın davamı olaraq bu ölkədəki 3 məscidin divarlarına xaç şəkli və İslam əleyhinə şüarlar vurulub. Şənbə günü Montelbun, Pontarli və Rubay əyalətlərində ölkənin ən böyük türk müsəlman birliyi olan Türkiyə Diyanət İşləri Birliyinə (DİTİB) bağlı məscidlərin divarları sökülüb.
Birliyin bəyanatında deyilir: “Məscidlərimizə edilən çirkin hücumu qınayır və cəmiyyətimizə cansağlığı diləyirik. Biz ölkədə sülhün pozulmasına yönəlmiş hərəkətlərə qarşı birliyə çağırırıq.”
Fransa Milli Assambleyası bu yaxınlarda Emmanuel Makron hökumətinin mübahisəli anti-İslam qanun layihəsini təsdiqləyib. Fransa hökuməti qanun layihəsinin “islamçı ekstremizm”lə mübarizə məqsədi daşıdığını iddia edir, lakin fransız müsəlmanları bu qanunun onların dini azadlıqlarını pozduğunu və ədalətsiz şəkildə hədəf aldığını deyirlər.
70 bəndlik qanuna əsasən, Fransa hökuməti dini məktəbləri və ibadət yerlərini bağlaya və Fransa hökumətinin ekstremist hesab etdiyi mühazirələrin qarşısını ala bilər. Çoxlu müsəlman əhalisi olan digər Avropa ölkəsi Almaniyada da islamofobiya artmaqdadır.
Almaniyada hicablı müsəlman qadınların mütəmadi olaraq küçələrdə təzyiqə məruz qaldığı, fiziki zorakılıqların artdığı bildirilir.Rəsmi məlumatlara görə, Almaniya polisi 2020-ci ilin yanvar-noyabr aylarında 632 islamofobiya hadisəsi qeydə alıb. real rəqəmin daha çox olduğu deyilir, çünki bir çox qurbanlar cinayət işi ilə bağlı müraciət etmirlər.