Fransanın Qarabağ planı: Makron qətnamədən öncə Əliyevdən nə istəyib?
Makron Fransanın Cənubi Qafqazdakı proseslərdə iştirakına nail olmaq üçün Əliyevdən “icazə istəyirdi”. Və istisna deyil ki, Fransa prezidenti buna nail olmaq, həm də münasibətlərdə qapını “aralı saxlamaq” üçün Senatın qətnaməsinin hökumətin siyasətinə aid olmadığını inandırmağa çalışıb.
Hərçənd, qəbul edilən qətnamə Fransanın nəinki vasitəçiliyi, ümumiyyətlə Azərbaycanla münasibətlərini də sual altına saldı.
Qətnamənin tərkibi:
– Fransa hökuməti Ermənistana və “Dağlıq Qarabağa” “təcavüzə” görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırılır;
– Azərbaycan sentyabr döyüşlərində “Ermənistanın suveren ərazisinə hücumda” ittiham edilir və rəsmi Bakını “qoşunları Ermənistandan çıxarmağa” çağırırlar;
– Fransanın “Dağlıq Qarabağı” tanımasının vacibliyi bir daha təsdiq olunur;
– Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir;
– Fransa hökuməti avropalı müttəfiqlərlə birlikdə Azərbaycanın “yeni hücumlarına” güclü və adekvat cavab verməyə dəvət edilir;
– Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir;
– Fransa hökumətindən Qarabağda “humanitar ofisin” yaradılması, “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur;
Qətnamənin müzakirəsində iştirak edən 296 senatorun 295-i onun lehinə səs verib, o cümlədən, Fransa xarici işlər naziri qətnamənin qəbuluna etiraz etməyib və bu iki məqam da Makron administrasiyasının Azərbaycan əleyhinə qətnaməyə praktiki dəstəyinin nümunəsidir.
Qətnamənin praktiki mərhələdə tətbiqi hansı səviyyədə mümkündür?
Azərbaycanın enerji resurslarına sanksiyaların, o cümlədən, Fransanın Bakıya qarşı sanksiya tətbiq etməsi ehtimalı azdır. Lakin iki istiqamətində addımların atılması gözləniləndir:
Birincisi, Ermənistanın “müdafiə qabiliyyətinin artırılması”dır: Fransa və Ermənistanın hərbi rəhbərliyi bu məsələ ilə bağlı müzakirələr keçirib;
İkincisi, Qarabağda “humanitar ofisi”n açılmasıdır: Rusiya buna soyuq yanaşacaq, lakin bir məqam – Moskva ilə yanaşı, Qərblə də münasibətlərə malik olan Ruben Vardanyanın Xankəndinə köçməsi və separatçıların qondarma “dövlət naziri” kimi fəaliyyəti bu məsələnin mümkünlüyü ehtimalını önə çıxarır: rusların layihəsi olan Vardanyanın Qarabağa gələndən sonra ilk görüşləri Fransada keçirməsi də bu kontekstdə diqqət çəkir;
Bakının buna qarşı əks-gedişi Fransanın istənilən vasitəçiliyindən imtina etməsi və davamlı olaraq oyundankənar vəziyyətədə saxlaması olmalıdır.
Publika.az