Gömrük Akademiyasında “Vətən mənə oğul desə…” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Gömrük Akademiyasında “Vətən mənə oğul desə…” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası Vətən müharibəsində iştirak etmiş media nümayəndələri və gömrük xidməti əməkdaşları ilə silsilə görüşlər nəzərdə tutan “Vətən mənə oğul desə…” layihəsi çərçivəsində bir qrup jurnalistlə tələbələrin növbəti onlayn görüşünü təşkil edib.

Görüşdə II Qarabağ müharibəsinin iştirakçısı olan media nümayəndələri – ARB TV-nin əməkdaşı Mail Əsgərov, Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov, habelə II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant Vasif Əliyev, həmçinin Akademiyanın rəhbərliyi, əməkdaş və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın azadlığı, ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Akademiya tərəfindən artıq ikinci belə bir görüşün təşkil olunduğunu deyən Qulu Novruzov sözügedən layihənin və görüşün mahiyyətindən söz açıb. Media nümayəndələri tərəfindən Qarabağ həqiqətlərinin, Vətən müharibəsinin gerçəkliklərinin yayılmasının vacib olduğuna diqqət çəkən Akademiya rəisi, bununla yanaşı, gənclərin milli ruhda böyüməsinin, Vətənə, torpağa, dövlətə və dövlətçiliyə sevgi hissi ilə tərbiyə olunmasının zəruri olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycanın inkişafı, gələcək tərəqqisi, ölkəmizin dünya birliyində daha da güclü, özünə layiq yer tutması üçün bu Qələbənin əhəmiyyətini vurğulayan Qulu Novruzov Azərbaycanın illər ərzində 20 faiz ərazisinin işğal altında olmasına və ayır-ayrı güclərin ədalətsiz, qərəzli münasibətinə baxmayaraq, kifayət qədər ciddi bir inkişaf yolu keçdiyini diqqətə çatdırıb. Azərbaycan xalqının Qarabağın işğalı ilə heç zaman barışmadığını və bu yükü öz üzərindən götürmək üçün hazır olduğunu deyən Akademiya rəisi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun tarixi missiyanın öhdəsindən uğurla gəldiyini vurğulayıb. O, bu missiyanın yerinə yetirilməsində Azərbaycan ordusu ilə yanaşı, Azərbaycan gəncliyinin öz sözünü dediyini, gənclərin bütövlükdə həm milli birliyin, həm döyüş ruhunun təmin olunmasında mühüm rol oynadığını bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində misilsiz xidmətlərinə toxunaraq, eyni zamanda, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf və siyasi kurs strategiyası nəticəsində Azərbaycanın nəinki regionda, həm də  dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini vurğulayıb.

II Qarabağ müharibəsinin iştirakçısı, Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş İdarəsinin Biləsuvar postunun inspektoru, baş leytenant  Vasif Əliyev hər bir Azərbaycan vətəndaşı kimi Vətənə olan borcunu ödəmək üçün cəbhəyə yollandığını bildirib. 2020-ci il sentyabr ayının 27-dən Füzuli istiqamətində ön xəttə vuruşaraq, ağır yaralanan qazi-gömrükçü öz döyüş yolu haqqında məlumat verib. Vasif Əliyev bildirib ki, hər bir vətəndaş kimi o da Vətənə öz borcunu verməkdən qürur duyur. O, tələbələrə gələcəkdə  akademik səviyyədə təhsillərini davam etdirib yaxşı peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi arzulayıb. 

II Qarabağ müharibəsinin iştirakçısı, ARB TV-nin əməkdaşı Mail Əsgərov 44 günlük Vətən müharibəsində dövlət-xalq birliyindən danışaraq Azərbaycanda yaşayan bütün etnik qrupların, kimliyindən, peşəsindən asılı olmayaraq, hamının cəbhədə çiyin çiyinə döyüşdüyünü bildirib. Öz döyüş yolundan danışan jurnalist qazanılan  qələbənin dəmir yumruq kimi birləşərək, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla əldə olunduğunu vurğulayıb. O, Gömrük Akademiyasının tələbələrinə gələcəkdə Azərbaycan iqtisadiyyatının güclənməsinə, Azərbaycanın dünyada tanınmasına, Azərbaycanın xeyrinə, ölkəmizin maraqlarını müdafiə edəcək işlərin görülməsində iştiraka səsləyib. 

II Qarabağ müharibəsinin iştirakçısı. Oxu.az xəbər portalının müxbiri Aqşin Kərimov da öz döyüş yolundan danışıb. 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının üzərinə ümumi bir missiya qoyduğunu deyən jurnalist bu missiyanı cəmiyyətin bütün nümayəndələrinin birgə yerinə yetirdiyini qeyd edib. Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordunun gücünün bu amalın özünü doğrultması üçün çox böyük önəm kəsb etdiyini bildirib. Aqşin Kərimov 30 illik  nisgilin qələbə sevinci ilə əvəzlənməsində əsgər olaraq öz iştirakından məmnunluq duyduğunu bildirib. Gömrük Akademiyasının tələbələrinə gələcəyin yüksək ixtisaslı mütəxəssisləri olmalarını arzulayıb. 

Tədbirdə iştirak edən media nümayəndələri Akademiya rəhbərliyinə layihə çərçivəsində qazi jurnalistlərlə görüşlərin keçirilməsinə görə minnətdarlıq ifadə ediblər. Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında belə layihələrin vacibliyi qeyd olunub.

Sonda çıxış edən Akademiya tələbələri tədbirin təşkilinə görə təşəkkür edərək, şəhidlərin ruhu qarşısında gəncliyin böyük bir mənəvi borcu olduğunu vurğulayıblar.

Qeyd edək ki, Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsinin təşəbbüsü ilə reallaşan “Vətən mənə oğul desə…” adlı layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətənə məhəbbət, torpağa, dövlətinə xidmətin aşılanması məqsədilə Gömrük Akademiyasının tələbələrinin I Qarabağ müharibəsində, həmçinin II Qarabağ müharibəsində 44 günlük döyüşlərdə iştirak etmiş, qələmini silaha çevirərək döyüşmüş jurnalistlərlə, o cümlədən gömrük xidməti əməkdaşları ilə silsilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.  

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × two =