HƏMAS-ın atəşkəs üçün iki əsas şərti

Həmas atəşkəs və məhbus mübadiləsi təklifinə cavabını vasitəçilərə təqdim edib. HƏMAS-ın cavabı, İsrail qüvvələrinin yaşayış məntəqələrindən çıxarılması və yardımın yalnız BMT-nin himayəsində olan Rəfah Sərhəd Keçid məntəqəsindən daxil olması kimi fundamental dəyişiklikləri əhatə edir. İsrail tərəfi təklifi nəzərdən keçirdiyini açıqlayıb.
İsrail Baş Nazirliyi açıqlamasında, İsrailin danışıqlar qrupunun vasitəçilər vasitəsilə atəşkəs və məhbus mübadiləsi təklifi ilə bağlı HƏMAS-ın cavabını aldığını və cavabın “hazırda nəzərdən keçirildiyini” bildirib.
Məsələ ilə tanış olan mənbələrə görə, HƏMAS-ın cavabı digər maddələrdə çeviklik göstərməklə yanaşı, iki əsas məqama dəyişiklikləri ehtiva edir.
Dəyişikliklər 60 günlük atəşkəs dövründə İsrail ordusunun yerləşdirmə xəritəsinə yönəlib.
HƏMAS İsraildən yaşayış məntəqələrindən və Səlahəddin dəhlizindən geri çəkilməsini və sərhəddən 800 metrdən çox olmayan məhdud hərbi mövcudluğun saxlanmasına icazə verilməsini tələb edib.
Müqavimət təşkilatı həmçinin yardımların daxil olması mexanizminin dəyişdirilməsinin vacibliyini vurğulayaraq, yardımların atəşkəs dövründə açıq qalacaq Rəfah Sərhəd Keçidindən və yalnız Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə çatdırılmasını və Qəzzaya Humanitar Yardım Fondunun rolunun ləğv edilməsini tələb edib.
İsrailin Kanal 13 televiziyası bir İsrail rəsmisinə istinadla bildirib ki, “Həmas-ın hazırda nəzərdən keçirdiyimiz cavabında ciddi fikir ayrılıqları yoxdursa və ya fikir ayrılıqları kiçikdirsə, Dermer və Witkoff razılaşmanı yekunlaşdırmaq üçün sabah görüşəcəklər”.
Qəzzada ölənlərin sayı artır
Quruda İsrail ordusu hücumun 130-cu günündə Qəzza zolağının müxtəlif hissələrini bombardmanlarını davam etdirib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 113 nəfər ölüb, 534 nəfər yaralanıb.
Qəzza şəhərinin Rimal məhəlləsinə edilən hücumlarda 3 köçkün həlak olub.
Şəhərin şimal-qərbində bir qadın və bir kişi iki mülki şəxs yardım ləvazimatlarına çatmağa çalışarkən həlak olub, on nəfər yaralanıb.
Bölgənin şimalındakı Cibaliya və Beyt Lahiyyədə 5, Deyr əl-Bələhin şərqində artilleriya atəşi nəticəsində 3, Nusayrat düşərgəsində bir mənzilin bombalanması nəticəsində 10, eyni düşərgənin 20-ci küçənin girişində səkkiz, Zavayidada 3 mülki şəxs həlak olub.
Səhiyyə Nazirliyi dünən həyatını itirənlərdən 34-nün yardım ləvazimatlarına çatmağa çalışan insanlar olduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə, 7 oktyabr 2023-cü il tarixində başlayan hücumlar nəticəsində ölənlərin sayı 59 219 nəfərə, yaralananların sayı isə 143 045 nəfərə çatıb.
ydh