Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”i mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir

Hikmət Hacıyev: Azərbaycan “Orta Dəhliz”i mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir

Azərbaycan “Orta Dəhliz”i təkcə bir nəqliyyat marşrutu kimi yox, bundan daha geniş anlamda, mədəniyyətlərarası dialoqun forması olaraq nəzərdən keçirir.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.

O, yolların Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsi olduğunu söyləyib.

Prezident köməkçisi vurğulayıb ki, Azərbaycan tarixən İpək Yolunun üzərində yerləşməsi ilə bu dialoqun fəal iştirakçısı olub:

“Yol sivilizasiyadır. Bundan əlavə, yol həm də bizim üçün sivilizasiyalararası dialoqdur. Bu perspektivdə Azərbaycan tarixən İpək yolunun üzərində yerləşib. İkinci komponent isə coğrafiyadır. Biz Qərb ilə Şərqi, Şimalla isə Cənubu birləşdirən nəqliyyat şəbəkələrinin üzərində yerləşirik. Azərbaycanın müstəqillik əldə etdikdən sonra belə bir nəticəyə gəlmişik ki, bu iki komponent önəmli olsa da, kifayət deyil. Ona görə də biz coğrafiyamızı, tarixi təcrübəmizi və malik olduğumuz təcrübəni yeni imkanlara çevirməliyik. Bunu da nəzərə almalıyıq ki, Azərbaycan quru sərhədləri ilə əhatələnmiş bir ölkədir. Biz quru sərhədləri ilə əhatələnən ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirmək istiqamətində çalışmışıq”.

O, ölkəmizin bununla bağlı gördüyü işlərə, habelə regional nəqliyyat dəhlizlərinin perspektivlərinə toxunub:

“Azərbaycan özünün nəqliyyat şəbəkələrinin və “Şərq – Qərb” nəqliyyat dəhlizinin formalaşdırılmasına başladı. Bəziləri bunu “Şərq – Qərb” dəhlizi, bəziləri “Orta dəhliz”, bir qismi isə “Transxəzər” nəqliyyat dəhlizi adlandırır. Bunun heç bir fərqi yoxdur. Əsas məsələ onun marşrutu və inşası məsələsidir. Biz bu 5 – 6 parametri nəzərə alaraq, bu nəqliyyat dəhlizinin inşası prosesinə başladıq. İlk olaraq enerji şəbəkəsi və enerji dəhlizinin formalaşdırılmasını həyata keçirməyə başladıq. Bunlar: “Bakı – Tbilisi – Ceyhan”, “Bakı – Supsa” kəmərləridir. Bu kəmərlər Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə əlaqələndirir. Layihənin ikinci komponenti avtomagistralların və quru yollarının inşası idi. Lakin bu kifayət deyil. Həmin yollar sənin ölkəni qonşu dövlətlərlə də birləşdirməlidir”.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, həyata keçirilən nəqliyyat layihələrlə Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğu həqiqəti ortaya qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =