Hindistan Yaponiyadan pulu alıb İrana yatırır
Hindistan hökuməti yaxın 3 il ərzində Yaponiyanın ölkə iqtisadiyyatına investisiyalarının 30 milyard dollardan çox olacağını gözləyir.
Bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar “Nikkei Asia” tərəfindən təşkil edilən “Asiyanın Gələcəyi” forumunda onlayn çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2027-ci ilədək ölkə iqtisadiyyatına 5 trilyon yen (32 milyard dollar) cəlb etməyi qarşılarına məqsəd olaraq qoyublar.
Eyni zamanda, xarici işlər naziri vurğulayıb ki, iki ölkə arasında mövcud ticarət-iqtisadi əlaqələr onların imkanlarına uyğun deyil:
“Müsbət dəyişiklikləri qəbul etməklə yanaşı, biz həmçinin etiraf etməliyik ki, bizim ticarət və iqtisadi əlaqələrimiz potensialdan xeyli aşağı olaraq qalır. Hindistanın ikitərəfli ticarəti Avropa İttifaqı ilə ildə 135 milyard dollar, ABŞ və Çinin hər biri ilə 118 milyard dollar, BƏƏ ilə 84 milyard dollar və Rusiya Federasiyası ilə 66 milyard dollar təşkil edir. Yaponiyanın timsalında bu rəqəm 23 milyard dollara yaxın olaraq qalır”.
Qeyd edək ki, Hindistan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində İranın Çabahar limanına irihəcmli investisiya yatırır. Eyni zamanda Ermənistanın dəhlizə qoyulmasına maliyyə dəstəyi vəd edir. Belə çıxır ki, Yeni Dehli Yaponiya və digər Qərb ölkələrindən investisiya cəlb edib, qazandığı pulları onların sanksiya tətbiq etdiyi İrana yatırır…