Hizbullah Baş katibi Şeyx Naim Qasim: “Müqavimət, millətin iradəsi və şərəfidir”

Livanın Hizbullah Hərəkatının Baş katibi Şeyx Naim Qasim, şəhid Seyyid Abbas Musəvinin anım mərasimi münasibətilə çıxış edib.
Şeyx Naim Qasim qeyd edib ki, Seyyid Abbas Musəvi Livanda və bütövlükdə bölgədə birlik və həmrəyliyin müdafiəçisi, həmçinin müqavimətin böyük dayaqlarından biri olub.
İsrailin Yəmənə qarşı həyata keçirdiyi hücuma toxunan Hizbullah lideri deyib:
“İsrail Yəməni bombaladı, lakin hər zaman olduğu kimi yenə də dinc sakinləri hədəf aldı. İsrail bütün cinayətlərin önündə dayanır. Əziz Yəmənin Qəzza xalqına yardımda nümayiş etdirdiyi şərəfli rolu yüksək qiymətləndiririk.”
“Livan suverenliyini bərpa etməlidir”
Şeyx Naim Qasim, Livanın mövcud vəziyyəti barədə danışarkən bildirib:
“Beyrut və bütövlükdə ölkə öz torpaqları üzərindəki suverenliyini bərpa etməlidir. Bütün problemlərin əsasında işğalçı rejim və onun havadarı Amerika dayanır.
Hökumət, suverenliyin bərpası üçün plan hazırlamağa məsuldur. Suverenlik olmadan sabitlik təmin edilə bilməz. Mən hökuməti diplomatiya, güclü ordu və müdafiə strategiyası vasitəsilə bu istiqamətdə geniş müzakirələr aparmağa çağırıram.
Siyasi partiyaları və ziyalıları hökumətə bu məsələdə yardım göstərməyə, öz təkliflərini irəli sürməyə dəvət edirəm.”
“Müqavimət Livanı qorumaq üçün yaranıb”
Hizbullahın Livanı müdafiə və işğaldan azad etmək üçün qurulduğunu vurğulayan Baş katib deyib:
“Müqavimət bir millət və bir ailədir. Müqavimət inancdır, iradədir, vətənpərvərlik və şərəfdir.”
Şeyx Naim Qasim əlavə edib ki, Hizbullahın mübarizəsi 17 il ərzində İsrailə qarşı çəkindirici amil olub və bu, “fövqəladə uğur”dur.
Livan hökumətinin Hizbullahı silahsızlaşdırma qərarına münasibət bildirən Qasim deyib:
“Bu qərar İsrail və Amerikanın diktəsi altında qəbul edilib. Bizim İsrailə qarşı durmaq gücümüz var və bu, belə də davam edəcək.”
ABŞ-ın Livanın daxili işlərinə müdaxiləsinə toxunan Hizbullah lideri bildirib:
“Amerika, Livana qarşı sanksiyalar tətbiq etməkdə və ölkənin bərpa prosesinə mane olmaqda davam edir. ABŞ, Livanda fitnə toxumu səpir və etibarlı deyil. Livan üçün böyük təhlükə olan Amerika, ölkəmizə silah yardımının qarşısını da alır.”
Sonda Şeyx Naim Qasim bəyan edib ki, müqavimət İsrail rejiminin planlarını boşa çıxarmaq üçün güclü bir qala olaraq qalacaq.