Hizbullah Səudiyyə Ərəbistanını ABŞ-a itaət etməkdə ittiham etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livanın Hizbullah hərakatı cümə axşamı Səudiyyə hökumətinin “Əl-Qərzul-Həsənə” xeyriyyə fondunu terror təşkilatı elan etməsi ilə bağlı addımına reaksiya verərək, bunu Livanın daxili işlərinə açıq-aşkar müdaxilə adlandırıb.
Əl-Mənar telekanalının internet saytının məlumatına görə, Hizbullah verdiyi açıqlamada Səudiyyə hökumətinin bu addımını ABŞ hökumətinə “rəzilcəsinə itaət” və sionist düşmənin məqsədlərinə “alçaq xidmət” adlandırıb.
Bəyanatda həmçinin vurğulanıb ki, Səudiyyə hökumətinin bu addımı yoxsullara, ehtiyacı olanlara və Livan xalqına xidmət etməyə həsr olunmuş bu humanitar təşkilatın fəaliyyətinə heç bir təsir göstərməyəcək.
Səudiyyə Ərəbistanı çərşənbə günü axşam saatlarında Livanın “Əl-Qərzul-həsənə” adlı xeyriyyə fondunu terror təşkilatı elan etdiyini açıqlayıb. Ər-Riyad bu fondu Livan Hizbullah hərəkatı ilə əlaqələndirərək, bu təşkilatın Hizbullahın pullarını idarə etdiyini və hərəkatı hərbi məsələlərdə maliyyələşdirdiyini iddia edib.