İdman etmək üçün günün ən uyğun saatları

İdman etmək üçün günün ən uyğun saatları

İdman üçün doğru zaman seçimi etməkdə çətinlik çəkirsənsə, axtardığın məlumatlar bu məqalədədir.

Əksər insanlar yalnız öz cədvəllərinə uyğun gələndə məşq etməyə qərar veriklərinə görə çox vaxt konkret bir idman saatları olmur. Nə vaxt məşq etməyindən asılı olmayaraq, ürək sağlamlığını yaxşılaşdırmaq, güclənmək və dözümlülüyü artırmaq üçün edilən müntəzəm hərəkətlərin bir çox faydası var. Lakin səhər və ya axşam idman etməyin də müsbət və mənfi tərəfləri var ki, bu məqaləmizdə hər ikisi barədə ətraflı məlumatlar topladıq.

Əslinə qalsa, məşq etmək üçün ən uyğun vaxt elə ən həvəsli olduğun vaxtdır. Amma təəssüf ki, istədiyimiz qədər məşq etməyə, kollagenli yaşıl smuzilər və müxtəlif masaj seanslarına ayıracaq vaxtı olmur. Hər bir halda idmanın üstündən birdəfəlik xətt çəkmək olmaz, sağlam bədən və zehinə sahib olmaq üçün günün müəyyən vaxtlarını məşqə ayırmalıyıq. Sadəcə bir nüansı nəzərə almaq lazımdır ki, bu vaxt günün hansı ərəfəsinə təsadüf edirsə etsin, dəqiq saatı və rejimi olduğu təqdirdə arzuladığın faydalı nəticəyə daha qısa müddətdə çatmaq mümkündür. Bəs bu saatlar səhər, yoxsa axşam olsa daha yaxşıdır? Biz müsbət cəhətləri sadalayaq, gerisinə özün qərar verərsən.

Səhər saatlarının müsbət tərəfləri

İdmana səhər başlamağın bir çox üstünlüyü var. Günə başlamazdan əvvəl məşq edirsənsə, bu o deməkdir ki, günə endorfinlə başlayacaqsan. Bir çox insanın bütün gün etməyə vaxt tapmadığını, səhər saat 9-dan əvvəl bitirmək isə xoş hisslər yaradacaq. Həmçinin günün qalan hissəsində də idman etməli olduğun barədə düşünməyəcək və digər işlərinə daha yaxşı fokuslana biləcəksən. Əgər səhər adamı deyilsənsə, şirin yuxudan erkən oyanmaq əvvəldə çətin ola bilər, amma buna alışdıqdan sonra həyat daha da asanlaşacaq. Unutma ki, bədənimiz təbii olaraq səhərlər daha ayıq, axşamlar isə daha yorğun olur. Buna görə də səhər idmanından sonra gecələr daha tez yuxuya gedir və səhər yenidən məşqə hazır olursan.

Məşq, ürək fəaliyyətini və bədən istiliyini artırır. Bu da o deməkdir ki, axşam gec saatlarında tərləmə və əlavə enerji, keyfiyyətli yuxu almağına mane ola bilər.

Səhər məşq etmək üçün səbəblərdən biri isə həm də keyfiyyətli yuxudur! Səhər saat 7-də məşq etmək günorta və ya axşamdan sonrakı vaxta nisbətən gecə daha keyfiyyətli yuxu almağa, gün ərzində daha fəal olmağa kömək edir.

Axşam saatlarının müsbət tərəfləri

İnsanların çoxu günortadan etibarən məşq etməyə daha hazır hiss edir, daha çevik, fiziki cəhətdən daha enerjili olur. Bu da günorta və axşam saatlarını məşq etmək üçün ən yaxşı vaxtlara çevirir. Tədqiqatlar göstərir ki, insanların əksəriyyəti günün gec saatlarında fiziki olaraq hazır olurlar. Əzələ gücü, elastiklik və dözümlülük səhərə nisbətən axşam saatlarında daha yaxşıdır. Üstəlik, axşam idman edən insanların yorğunluq həddinə çatması 20% daha gec baş verir.

Günorta və axşamla müqayisədə səhər bədənimiz idmana daha hazır olur. Bədən temperaturu günün gec saatlarında yuxarı olduğundan, bir çox insan günorta və axşam məşqləri üçün sürətli şəkildə isinə bilir. Amma bu o demək deyil ki, günorta və axşam idmanı zamanı isinmə hərəkətlərindən yayınaq.

Axşam idmanının bir digər müsbət tərəfi isə stresi azaltmağa və zərərli vərdişlərdən xilas olmağa ciddi şəkildə kömək edir. Əgər axşamlar saatlarla televizorun qarşısında əyləşməyi idmanla əvəzləyə bilsən, həyatında necə müsbət dəyişikliyin olduğunu özün görəcəksən.

Son olaraq nəzərə al ki, oxuduğun məlumatlar real araşdırmalara əsaslansa da, sağlamlıqla bağlı mövzularda fitnes təlimçiləri və həkimlərdən də məlumat almaq istədiyin nəticəyə tez çatmağına kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 16 =