İki milyon yaşlı ağacın sirləri ortaya çıxdı

İki milyon yaşlı ağacın sirləri ortaya çıxdı

ABŞ və Bruneydən olan beynəlxalq alimlər qrupu maraqlı bir elmi kəşfə imza atıb. Onlar 2 milyon ildən artıq yaşı olan, yerli dildə “Kapur Paya” adlanan “Dryobalanops rappa” (ətirli driobalanops) ağacına aid daşlaşmış yarpaqlar aşkar ediblər.

Bu barədə məlumat “American Journal of Botany” (AJB) elmi jurnalında dərc olunub.

Qeyd olunur ki, bu tapıntı müasir ağac növünün qədim Asiya tropik meşələrində mövcudluğunu birbaşa sübut edən ilk paleontoloji dəlildir.

Alimlər qədim yarpaqları mikroskop altında araşdıraraq, yarpağın kutikulası (xarici qoruyucu təbəqə) üzərindəki xırda strukturları müasir “Dryobalanops rappa” növü ilə müqayisə ediblər. Nəticədə, tam uyğunluq müəyyən olunub.

Hazırda bu ağac növü yalnız Borneo adasının (Kalimantan) torf meşələrində yayılıb və nəsli kəsilməkdə olan növlər siyahısındadır.

“Dryobalanops rappa” dipterokarp ailəsinə aiddir. Bu ailəyə daxil olan nəhəng meşə ağacları karbonun saxlanması və biomüxtəlifliyin qorunması baxımından son dərəcə əhəmiyyətlidir. Lakin meşələrin qırılması və torf bataqlıqlarının məhv edilməsi, bu növlərin sürətlə yox olmasına səbəb olur.

Qeyd edək ki, bu kəşfə qədər Asiyanın tropik meşələri haqqında paleontoloji məlumatlar Amazon və Afrika meşələri ilə müqayisədə olduqca az idi. İndi isə məlum olur ki, bəzi müasir ağac növləri hələ pliosen dövründə, yəni milyonlarla il əvvəl də bu ərazilərdə mövcud olub.

Alimlər növbəti mərhələdə Cənub-Şərqi Asiyada yeni daşlaşmış bitki qalıqları axtarmağı planlaşdırırlar. Məqsəd – tropik meşələrin təkamül tarixini daha dəqiq şəkildə bərpa etməkdir.

Bu tədqiqat nəsli kəsilməkdə olan növlərin və onların yaşayış mühitinin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =