İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyada

İmam Hüseyn (ə) və Kərbəla faciəsi Bibliyada

Tövratın ilk kitabı olan “Varlıq” kitabının 17-ci fəslində Allah-Taala ilə Həzrət İbrahim Peyğəmbərin (ə) arasında bağlanmış əhd haqqında belə deyilir: “İbram doxsan doqquz yaşında olanda Yəhva ona görünüb dedi: “Mən Qadir Allaham. Mənim yolumla get və kamil ol. Mənimlə sənin aranda olan əhdi gerçəkləşdirəcəyəm və nəslini çoxaltdıqca çoxaldacağam”. Bunu eşitcək İbram üzüstə düşdü. Allah sözünə davam edib dedi: “Mən səninlə əhd bağlamışam, sən çoxlu xalqların atası olacaqsan. Adın daha İbram yox, İbrahim olacaq, çünki səni çoxlu xalqların atası edəcəyəm. Nəslini çoxaltdıqca çoxaldacağam. Səndən xalqlar törəyəcək, nəslindən padşahlar çıxacaq. Mənimlə sənin və gələcək övladın arasındakı əhdi nəsildən-nəslə davam edən əbədi əhd olaraq tutacağam. Mən sənin və övladlarının Allahı olacağam” (Varlıq kitabı, 17-ci fəsil, 1-7-ci cümlələr). Elə həmin fəslin növbəti cümlələrində Allah İbrahimə (ə) bu şəkildə müraciət edir: “İsmayılla bağlı diləyini də eşitdim. Onu da mübarək edəcəyəm, çoxlu oğul-uşaq sahibi olacaq, nəslini çoxaltdıqca çoxaldacağam. O, on iki əmir atası olacaq və ondan böyük bir xalq törəyəcək” (Varlıq kitabı, 17-ci fəsil, 20-ci cümlə). İsmayıl (ə) Həzrət İbrahimin (ə) oğlu, ərəblərin ulu babası, deməli, Həzrət Mühəmməd Peyğəmbərin (s) də əcdadıdır. Yuxarıda xatırlanmış “böyük xalq” isə Peyğəmbərin (s) nəslindən olan on iki imamdır. Bibliyanın yəhudi dilindəki orijinal mətnində adətən tərcüməçilərin gözündən yayınan bir məqam vardır. Həmin cümlənin səslənməsinə nəzər salaq: “Ule Yişmael şmatika hineh beraxti oto vehifreyti oto vehirbeyti oto bi mehad-mehad şneym aşar nesiim yulid unetativ leqoy qadol”. Buradakı “bi mehad-mehad” ifadəsi bizə məlum olan tərcümələrin heç birində verilməyib. Nə rus, nə ingilis, nə alman, nə də fars dilindəki tərcümələrdə bu sözü görmürük. “Bi” sözönüdür, “üzərindən” mənasını verir və hərəkətin vasitəsini göstərir. “Mehad-mehad” isə daha çox şəxs adına bənzəyir. Ərəb dilini bilən hər kəs bu cümlənin mənasını anlayar, çünki ərəb və ivrit (yəhudi) dilləri yaxındır. Sözlərin hərfi və dəqiq tərcüməsi belə səslənir: “Və İsmayılın barəsində səni eşitdim. Mən onu mübarək etdim, onu bol məhsullu (yəni oğul-uşaqlı) edəcəyəm, mən onun nəslini Mehad-mehad vasitəsilə artıracağam. Ondan on iki rəhbər törəyəcək və mən onu böyük xalq edəcəyəm”. “Mehad-mehad” ifadəsi “Mühəmməd” (s) adının təhrif olunmuş variantıdır. Bibliya xəbər verir ki, İsmayılın (ə) nəsli məhz onun vasitəsilə artacaq və on iki rəhbər məhz ondan törəyəcək. Burada şiə imamlarının deyil, İsmayılın (ə) özünün on iki övladının nəzərdə tutulduğu barədə yəhudilərin izahını (və bununla həmrəy olan sünni baxış tərzini) “Mehad-mehad” ifadəsi rədd edir. Yeri gəlmişkən, İsmayılın (ə) on iki övladının adları Bibliyanın növbəti cümlələrində sadalanır. Müasir Bibliyanın bəzi şərhləri bəyan edir ki, ilahi əhd guya Həzrət İshaq Peyğəmbərin (ə) xətti ilə davam etmişdir. Amma yuxarıdakı cümlə aydın göstərir ki, ilahi əhdin daşıyıcıları sırasına İbrahim Peyğəmbərin (ə) bütün varisləri (İsmail də daxil olmaqla) daxildir: “Mənimlə sənin və gələcək övladın arasındakı əhdi nəsildən-nəslə davam edən əbədi əhd olaraq tutacağam”. Buradan aydın olur ki, Allah-Taala ilə İbrahimin əhdi on iki imamın gəlişi ilə həyata keçir. Həzrət İbrahimə (ə) əmr olundu ki, öz oğlunu qurban versin. O, Allaha təslim olaraq İsmaili (ə) qurban verməyə hazırlaşarkən, Uca Yaradan bu qurbanı “böyük (əzəmətli) qurban”la əvəz etdi: “Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq” (Saffat, 107-108). İsmailin (ə) əvəzinə göndərilmiş qoç gələcək “əzəmətli qurban”ın simvoluna çevrildi. Bu əzəmətli qurban “sonradan gələnlər”dən ötrü saxlanıldı və bu qurban Hüseyn (ə) oldu. Bunun üçün isə mükəmməl Peyğəmbərin (s) və onun nəslindən olan on iki əmirin üçüncüsünün gəlişini gözləmək lazım idi, ilahi əhd yalnız bununla həyata keçəcəkdi. İmam Rzadan (ə) rəvayət edilmiş bir hədisdə buyurulur ki, Allah-Taala İbrahim Peyğəmbərin (ə) İmam Hüseyn (ə) üçün kədərlənməsinin mükafatı olaraq ona İsmailin (ə) kədərini verdi. Həccin əməlləri İbrahimin (ə) öz oğlunu qurban vermək istədiyi məkanda baş verir. Əzəmətli qurban heyvanların kəsilməsi ilə xatırlanır, bu heyvanların əti də kasıblara paylanır. Beləliklə, həccin özü Həzrət Mühəmmədin (s) və nəslindən olan on iki imamın (İmam Hüseyn bunların üçüncüsüdür) gəlişi ilə həyata keçən Həzrət İbrahim (ə) əhdinin yaşanmasından ibarətdir. İkinci hissə Həcc ziyarətindəki qurbanlıq zamanı hacılar saçlarını qırxmalıdırlar. Bir çox mədəniyyətlərdə saçı qırxmaq matəm əlaməti sayılır. Eləcə də, hacıların büründüyü ehram kimi, parçalardan tikilmiş paltar geyinmək də matəm rəmzidir. Bundan əlavə, ağ rəng kəfən rəngidir. Sanki İbrahim Peyğəmbərin (ə) Allahla əhdinin xatirəsi olaraq, bütün kişi hacılar sünnətli olmalıdırlar. Bibliyaya aid olan İsayya kitabında deyilir: “Tanrı Savaof sizə əmr edir ki, bu gün ağlayıb-sızlayasınız, saçlarınızı qırxıb, əyninizə (cırılmış) parçalar geyinəsiniz” (22:12). Səhrada buraxılımış körpə İsmail (ə) susuzluq hiss etdi və onun susuzluğu Zəmzəm quyusu vasitəsilə yatırıldı. O, Allah yolunda qurban verilməli idi, amma son anda xilas edildi və əvəzinə qoç kəsildi. Lakin İmam Hüseynin (ə) susuzluğu yatırılmadı, onun şəhadəti də xoş sonluqla bitmədi, faciəli şəkildə həyata keçdi. Biz bütün Bibliya mətni boyunca səpələnmiş bu eyhamlara diqqət yetirməliyik. Kərbəla – həccin batini mənasıdır. Bibliyanın birinci kitabında sirli, mistik bir məqam vardır. “Təkvin” kitabının 49-cu fəslində Yaqub Peyğəmbər (ə) ölüm ayağında ikən oğullarını başına yığıb onlara deyir: “Bir yerə toplaşın, gələcəkdə başınıza nələr gələcəyini sizə xəbər verim”. Sonra buyurur: “Hakimiyyət çubuğu həmişə Yəhuda qolunda olacaq, hökm verən onun nəslində olacaq, ta ki, Şelox gələcək, xalqlar ona tabe olub xidmət edəcək” (49:10-12). Bibliyanln bundan başqa heç bir yerində rast gəlmədiyimiz və dəqiq tərcüməsi olmayan sirli “Şelox” sözü axirəz-zamanda gələcək və yəhudilərin içindən çıxmayacaq şəxsi bildirir. Ola bilər ki, Şelox – elə “Təsniyə” kitabında xatırlanan, “Musaya tay olan” peyğəmbərdir: “Sənin Rəbbin Allah sənin ətrafından, qardaşlarının arasından mənə bənzər bir peyğəmbəri seçəcək, ona tabe olun” (18:15). “Qardaşlarının arasından” ifadəsinin mənası budur ki, o, İbrahimin (ə) İsmail (ə) vasitəsilə nəslindən olacaq. Bibliyanın başqa yerində deyilir: “O (İsmail) bütün qardaşlarının gözü qarşısında yaşayacaq” (Təkvin, 16:12). Digər fərziyyəyə görə, Şelox həmin on iki hökmdardan biri, daha doğrusu, onların sonuncusu İmam Mehdidir (ə). “Şelox” sözünə bizim izahımız belədir: birinci hərf “ş” – “aşer” əvəzliyinin qısaldılmış şəklidir, yəni “o”. “Lox” hissəciyi isə ərəb dilində olduğu kimi yəhudi dilində də “ona” mənasını verir. Belə olduqda, yuxarıdakı cümlənin tərcüməsi bu formaya düşür: “Hakimiyyət çubuğu həmişə Yəhuda qolunda olacaq, hökm verən onun nəslində olacaq, ta ki, onun (hakimiyyət çubuğunun) məxsus olduğu şəxs gələcək, xalqlar ona tabe olub xidmət edəcək”. Başqa sözlə desək, Bəni-İsrailin bir qoluna verilmiş peyğəmbərlik və hakimiyyət müvəqqətidir. Vaxt olacaq ki, bütün bunların sahibi gələcək, xalqlar da ona tabe olub itaət göstərəcək. Kərbəlanın tarixi İsmaillə (ə) başlayır, Hüseynlə (ə) davam edir, imamların sonuncusu (möhrü) olan Mehdi (ə) ilə bitəcək. Onun gəlişi bu dövrəni qapayacaq, İsmailin (ə) rəmzi qurbanlığından və Hüeynin (ə) böyük müsibətindən ibarət olan böyük sınağın sonuna nöqtə qoyacaq. Bu tarixin başlanğıcını İbrahim (ə) və İsmail (ə) qoymuş, Hüseyn (ə) bu mübarizənin qələbə ilə bitməsi üçün ordunu hazırlamış və təchiz etmişdir. Müsəlman ilinin sonunda yerinə yetirilən həcc ayini əhdin başlanğıcını elan edir. Növbəti ilin əvvəlinə təsadüf edən aşura matəmi isə bu əhdin həyata keçməsidir. Çünki İmam Mehdinin (ə) nəhəng ordusu “əzəmətli qurban” olan Hüseynin (ə) matəminə toplaşır. İmam Hüseyn (ə) həcc mövsümünün başlanğıcında Məkkədən çıxıb Kərbəlaya yola düşdü. Bəlkə elə buna görə bəzi hədislərdə Kərbəla ziyarəti həccdən üstün tutulur. İyeremiya Peyğəmbərin (ə) kitabında Kərbəla faciəsi haqqında deyilir: “Qılınc onların qanını içib doyacaq, qanla suvarılacaq. Çünki şimal torpaqlarında, Fərat çayının sahilində Rəbb olan Savaofa qurban veriləcək” (46:10). İmam Hüseyn (ə) Fərat çayının sahilində şəhid edilib. Bibliyanın bu cümləsi intiqam motivli sümlələrin kontekstində yer tutduğu üçün çoxları hesab edir ki, burada Mehdinin (ə) gəlişindən danışılır. Burada deyilənlər qəti hökm deyil, düşünmək üçün məlumatdır. Mümkündür ki, bu məlumatlar İbrahimlə (ə) bağlanmış əhdin nəticə deyil, onun nəslində həyata keçmiş uzun bir proses olduğunu anlamağımıza yardım etsin. Buna görə İsmail (ə) qurbanı haqqında Quranda buyurulur: “Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq” (Saffat, 108). Yalnız geniş perspektivdən baxmaqla, sonluqda İmam Mehdinin (ə) gəlişini və ilahi ədalət hökumətinin qurulacağını nəzərə almaqla bu hadisənin mahiyyətini layiqincə anlaya bilərik.

Mənbə: https://islam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + nineteen =